...

Azərbaycanda notariat əməliyyatlarının aparılmasında yeni qaydalar tətbiq olunacaq

Cəmiyyət Materials 11 Aprel 2011 15:22 (UTC +04:00)
Azərbaycanda Ədliyyə Nazirliyinin qeydiyyat və notariat orqanlarında sənədlər barədə məlumatları özündə əks etdirən elektron köşklər quraşdırılacaq.
Azərbaycanda notariat əməliyyatlarının aparılmasında yeni qaydalar tətbiq olunacaq

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Ədliyyə Nazirliyinin qeydiyyat və notariat orqanlarında sənədlər barədə məlumatları özündə əks etdirən elektron köşklər quraşdırılacaq.

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinin Notariat idarəsinin rəisi Mehman Soltanov Trend-ə bildirib ki, vətəndaşlar bu köşklərin məlumat bazasına daxil olmaqla lazımi sənədlər və ödənilməli olan dövlət rüsumu barədə məlumat əldə edə biləcəklər.

"Vətəndaş həmin köşklərdən aparmaq istədiyi notariat əməliyyatı üçün lazım olan sənədlərin siyahısını və həmin əməliyyat üçün nəzərdə tutulan dövlət rüsumu barədə məlumatı ala bilər. Dövlət rüsumunu həmin köşkdə ödəməklə qəbz əldə edir", - idarə rəisi bildirib.

Soltanovun sözlərinə görə, notariat kontorlarında vətəndaşlardan müəyyən sənədlər istəniləndə onlar buna şübhə ilə yanaşırlar.

Həmin köşklərdən tələb olunan sənədlər barədə məlumat alan vətəndaş lazımi sənədləri və dövlət rüsumunun ödənilməsi barədə qəbzi notariat kontorlarına təqdim etməklə, istədikləri əməliyyatları həyata keçirə biləcəklər.

İdarə rəisinin sözlərinə görə, bu sistem sözügedən sahədə korrupsiya ilə mübarizədə nailiyyət olacaq və notariusla vətəndaş arasındakı təmas aradan qaldırılacaq.

Onun sözlərinə görə, bu sistem ilkin olaraq pilot layihə kimi həyata keçiriləcək.

"Bütün respublika üzrə notariat kontorlarında və qeydiyyat şöbələrində bu sistem pilot layihə kimi tətbiq olunacaq. Ola bilsin ki, müəyyən çatışmazlıqlar qeydə alınsın. Bütün çatışmazlıqlar aradan qaldırıldıqdan sonra çox qısa müddətdə notariat və qeydiyyat idarələrində tam olaraq bu sistem tətbiq olunacaq", - nazirlik rəsmisi vurğulayıb.

Solatanov bildirib ki, sistemin proqramı artıq hazırdır və yaxın 1 ay ərzində onun tətbiqinə başlanacaq.

Xəbər lenti

Xəbər lenti