Trend-in icmalçısı Murad Əliyev
Tarix boyu insanın təsərrüfat fəaliyyətinin genişlənməsi ekoloji sabitliyin pozulması ilə müşayiət olunub. Bu daha çox özünü inkişaf etməkdə olan ölkələrin timsalında nümayiş etdirib. Belə ki, həmin ölkələr təbii sərvətlərdən qeyri-rasional istifadə ilə iqtisadi geriləməni aradan qaldırmağa çalışırlar. Bəşəriyyət öz inkişafının yeni mərhələlərinə qədəm qoyduqca təbiətlə sabit inkişafa söykənən ünsiyyətin vacibliyini dərk etməyə başlayır. Artıq müasir dünyanın qarşısında duran əsas məsələ bugünkü insanların tələblərini gələcək nəsillərə zərər vurmadan ödəməkdən ibarətdir.
Azərbaycan - ənənəvi kənd təsərrüfatı ölkəsi
XX əsrin sonlarında müstəqillik əldə etdikdən sonra dünya arenasına karbohidrogen resursları ilə çıxmasına baxmayaraq, Azərbaycan Qafqazın bir parçası olaraq ənənəvi kənd təsərrüfatı ölkəsidir. Azərbaycanın əlverişli iqlim şəraitinə, zəngin təbiətə, geniş düzənliklərə və çoxlu sayda su mənbələrinə (çay, göl, bulaq, çeşmə) malik olması ölkədə kənd təsərrüfatının inkişafına - müxtəlif məhsulların yetişdirilməsinə, əkinçilik və heyvandarlığın bir çox növlərinin yaranıb yayılmasına şərait yaradıb. Tarixi inkişafın gedişində ölkədə əkinçiliyin və heyvandarlığın səviyyəsi getdikcə yüksəlib, yeni-yeni təsərrüfat sahələri yaranaraq tərəqqi edib. XIX əsrdə kənd təsərrüfatının bir çox sahələrinin özünün natural xarakterini itirməsi ilə Azərbaycanda bütün Qafqazın ən iri heyvandarlıq mərkəzləri yaranıb. Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda kənd təsərrüfatının inkişafında dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycanın aqrar sektorda olan təbii imkan və potensialından daha səmərəli və geniş istifadə olunmağa başlandı. Respublikada pambıq, taxıl, tərəvəz, üzüm, meyvə, kartof, yaşıl çay yarpağı, tütün istehsalı ilə bərabər, heyvandarlıq məhsulları üzrə də ixtisaslaşan zona və rayonlar müəyyən edilib, onların inzibati təsərrüfat cəhətdən istifadə edilməsi işi tənzimləndi. 1985-ci ildən başlayaraq Sovet İttifaqı rəhbərliyinin düşünmədən qəbul etdiyi qərarların Azərbaycanda həyata keçirilməsi ilə başlayan, habelə Sovet İttifaqı dağıldıqdan sonra müstəqil Azərbaycanın ilk illərində davam edən kənd təsərrüfatının tənəzzülü maldarlıq təsərrüfatlarına da böyük zərbə vurdu. Lakin Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da əsaslı dönüşün yaradılmasında həlledici amil oldu. Azərbaycan müstəqillik qazandıqdan sonra 1996-cı ildən başlayaraq aparılan torpaq islahatları kənd təsərrüfatının inkişafında yeni mərhələ açdı. Təməli möhkəm qoyulan bu inkişafın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində artıq bu gün Azərbaycanın kənd təsərrüfatı məhsulları yerli tələbatı ödəməklə yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur.
Dövrün tələblərinə cavab verməyən maldarlıq fəaliyyəti - ətraf mühitin düşməni
Kənd təsərrüfatının, xüsusilə də maldarlığın inkişafı ölkənin ət və süd məhsullarına olan tələbatının təmin olunması, regionlarda işsizliyin aradan qaldırılması kimi müsbət nəticələri ilə bərabər, məhsullarından bəhrələndiyimiz ətraf mühitə məhvedici təsirsiz ötüşmür. Bu problem hazırda bütün dünyada ekoloqlar tərəfindən irəli sürülən məsələdir. Belə ki, hesablamalara görə, 2050-ci ilədək dünyada ət məhsullarından istifadənin həcminin 2 dəfə artaraq ildə 465 mln. ton, süd məhsullarından istifadənin isə bundan daha çox artaraq 1043 mln. ton olması gözlənilir. Hazırda bütün kənd təsərrüfatı torpaqlarının 80 faizi otlaqlar və biçənəklərin payına düşür ki, bunun əsas hissəsi də ümumi istifadədə olan torpaqlardır. Hazırda Azərbaycan ərazisinin 12 faizi meşə fondu, 56 faizi dövlət ehtiyat fonduna aiddir. Bu torpaqlar əsasən icarə ilə fermerlərə verilib. SSRİ dövründə norma var idi ki, bir hektar ərazidə 1-2, dağlarda isə 2-3 qoyun saxlamaq olar. Bu normaya görə, Azərbaycanda hazırda qışlaqda 1,9 milyon, yaylaqda isə 2,8 milyon baş qoyun saxlamaq olar. Hazırda isə ölkədə 8 milyon baş qoyun, 3 milyon başa yaxın iribuynuzlu heyvanın saxlanılması və yarımköçəri maldarlıq mövcuddur (heyvanlar yayda dağlara, qışda isə qışlaqlara aparılır). Dünya ölkələrinin təcrübəsi əyani şəkildə nümayiş etdirir ki, maldarlığın dövlət tərəfindən adekvat şəkildə tənzimlənməməsi torpağın aşınmasına, su ehtiyatlarının və biomüxtəlifliyin tükənməsinə gətirib çıxarır. Otlaqların tənəzzülə uğramasının əsas səbəbi isə mal-qaranın sıxlığı və otlağın örüşdən sonra bərpa olunmaması ilə bağlıdır. Bunun ekoloji nəticələri torpağın eroziyaya uğraması, bitki örtüyünün məhv olması, karbonun üzvi maddələrdən ayrılması, biomüxtəlifliyin kasadlaşması və suyun torpaqda dövriyyəsinin pozulmasından ibarətdir. Amerikalı alim Con Robinsin araşdırmalar nəticəsində gəldiyi qənaətə görə, dünyada mövcud olan səhraların 2/3-si böyük heyvan sürülərinin tapdağı altında qalan çöl-çəmən torpaqlarından yaranıb. Maldarlığın ətraf mühitə vurduğu zərərlə bağlı BMT-nin də son illərdə yaydığı hesabatlarda maldarlıq suyun və torpağın çirklənməsi üçün əsas səbəblərdən biri kimi göstərilir. Bu problemin həll olunması ilə bağlı BMT-nin təklifləri arasında mal-qaranın həssas torpaqlardan kənarda otarılması, peyini emal edən müəssisələrin yaradılması, irriqasiya fəaliyyətinin yaxşılaşdırılması yer alır.
Məsələyə digər tərəfdən baxdıqda otlaqların hədsiz dərəcədə istismar olunması ölkədə turizmin inkişafına da mənfi təsir göstərir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi ölkəmizdə turizmin inkişafı üçün böyük perspektivlər açır. Artıq Azərbaycanın turizm potensialı dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə nümayiş olunur, ölkə daxilində ildən-ilə regionlara təşkil olunan turların sayı artır. Bu gün mülayim iqlim qurşağında yerləşən dünyanın qabaqcıl ölkələrində xalq təsərrüfatının inkişafında xidmət sahəsi tədricən daha böyük yer tutmağa başlayıb və burada ilk növbədə kənd turizmini qeyd etmək olar. Bu turizm növünün kəndin iqtisadi və sosial həyatındakı rolu böyükdür - bu, yeni iş yerləridir, kənd əhalisinin şəhərlərə köçməsinin qarşısını alır, kəndin mənzərələrinin qorunub saxlanmasına səbəb olur, yerli özünüidarəetmə orqanlarının gəlirlərini artırır. Digər tərəfdən, turistlərin ziyarət etdiyi məkana aid əşyaları əldə etmək istəyi həmin regionda ənənəvi sənətlərin dirçəlməsinə və inkişaf etməsinə təkan verir. İndiki durumda Azərbaycanda kənd sakinləri "yaşıl turizm" adlandırılan sahəni qeyri-stabil gəlir mənbəyi kimi qiymətləndirirlər, çünki turist axını yalnız yay aylarında baş verir və hava şəraitindən asılı olaraq gah azalır, gah çoxalır. Lakin Azərbaycana gələn turist ən azından qonşu ölkələrlə müqayisədə burada daha yüksək səviyyəli xidmət görsə, növbəti illərdə də məhz ölkəmizi seçər. Və əgər şəhər turlarında, dənizkənarı istirahətdə yüksək səviyyəli xidmət dedikdə, səliqə-sahman, personalın nəvazişli rəftarı nəzərdə tutulursa, kənd turizmini seçənlər antropogen təsirdən kənarda qalmış təbiət mənzərələrini görmək istəyirlər və hansısa bir əcnəbi turist çətin ki mal-qara tapdağından yarı deformasiyaya uğramış yaylaqlarda, dağlarda bir dəfə istirahət etdikdən sonra bir daha ora səfər etməyə can atsın.
Çıxış yolu - intensiv maldarlığın inkişafı
Beləliklə, bu nəticəyə gəlmək olar ki, maldarlıq məhsullarına tələbatla bərabər günü-gündən artan ekoloji xidmətlər (təmiz su, hava, istirahət zonaları) arasında balans tapılmalıdır. İlk növbədə, kənd təsərrüfatında istifadə olunan təbii ehtiyatların əsl dəyəri müəyyənləşdirilməlidir, çünki bu gün maldarlığın inkişafı üçün istifadə olunan torpaq, su kimi xammal həmin ehtiyatların turizm məqsədi üçün istifadə olunmasından daha az gəlir gətirir. Bu səbəbdən, təbiəti mühafizə siyasəti çərçivəsində kənd təsərrüfatında istifadə olunan təbii ehtiyatların adekvat dəyəri müəyyənləşdirilməlidir. Bu balansı yaratmaq üçün kimin nə dərəcədə ətraf mühitə ziyan vurduğu, o ziyan müqabilində təzminat ödəməsi və əksinə, verdiyi xeyir müqabilində əlavə gəlir əldə etməsi prinsipinin tətbiq olunması bir sıra ölkələrdəki kimi, Azərbaycanda da müzakirə obyekti ola bilər. Misal üçün, hər bir kənd sakini örüş kimi geniş sahəni istifadə edib torpaq haqqı ödəməkdənsə həmin vəsaiti mal-qaranın qidalanması üçün effektiv qida məhsullarına sərf edər və bir baş heyvandan daha artıq gəlir əldə edər. Demək ki, biçənəklərdən daha təkmil şəkildə istifadə olunması üçün stimulun və müvafiq texnologiyaların yoxluğu kənd təsərrüfatı işçilərini məhsuldarlığın potensial gəlirlərindən məhrum edir.
Bütün sadalanan faktorlar ölkədə intensiv maldarlığın inkişaf etdirilməsini zəruri edir. Bu istiqamətdə Azərbaycanda son illər bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədilə müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, 2011-ci ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması həyata keçiriləcək. Bunun üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat vəsait də ayrılıb. Bu sahədə problemlərin aradan qaldırılması üçün iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ilə bağlı aparılan işlər genişləndirilir və hər il xaricdən cins mal gətirilir. Lakin nəzərə almaq lazımdır ki, kənd təsərrüfatının intensiv inkişafı və ətraf mühitin mühafizəsi sahəsində bilavasitə dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, əhalinin fəallığı da müstəsna rol oynayır. Ekoloqlar qeyd edirlər ki, ilk növbədə dəyişiklik kənd sakininin şüurunda baş verməlidir. Zaman-zaman çoban obrazının Azərbaycan folklorunda, şifahi və yazılı ədəbiyyatında yüzlərlə əsərin baş qəhrəmanı kimi təqdim olunması, tərif edilməsinin şahidi olmuşuq. Uşaqlıqdan sevə-sevə şeirlərini əzbərlədiyimiz Abdulla Şaiq isə çobanları "Dağların sultanı" adlandırır :
Dan atınca xoruz, beçələr banlar.
Dağ-dərədən çəkilməmiş dumanlar,
Sürüsünü yayar dağa çobanlar.
Təbiətin zövqünü onlar alar.
Bu yerlərin sultanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar
Nəzərə alsaq ki, yeni otlaqlar üçün meşələr kəsilir, iri və xırda mal-qaranın otarılması nəticəsində dünyada otlaqların 20 faizində artıq torpaqların münbitliyi tükənib, yaylaqlarımızın "bəy"i, "xan"ı olan çobanların hazırkı fəaliyyətinin ətraf mühit üçün nə dərəcədə ziyanlı olduğunu dərk edərik.