...

Azərbaycan Turizm Assosiasiyası turizm şirkətlərini qiymət siyasətinə yenidən baxmağa çağırır

Cəmiyyət Materials 2 İyun 2011 14:40 (UTC +04:00)
Azərbaycan Turizm Assosiasiyası turizm şirkətlərini qiymət siyasətinə yenidən baxmağa çağırıb.
Azərbaycan Turizm Assosiasiyası turizm şirkətlərini qiymət siyasətinə yenidən baxmağa çağırır

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm Assosiasiyası turizm şirkətlərini qiymət siyasətinə yenidən baxmağa çağırıb.

"Azərbaycanın turizm şirkətləri qiymət siyasətinə yenidən baxmaq və xidmət səviyyəsini yüksəltməklə vətəndaşlarımızın başqa ölkələrə turist səfərlərinin qarşısını ala bilərlər", - cümə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

"Otellərə, sağlamlıq və istirahət mərkəzlərinə tövsiyə edərdik ki, yay mövsümündə qiymətləri aşağı salmağa çalışsınlar. Çünki qonşu ölkələr olan Türkiyə və Gürcüstanda qiymətlər aşağıdır. Ona görə də ötən il 500 minədək turistimiz Gürcüstanda istirahət edib. Bunun qarşısını almaq üçün əsas iki yol var. Qiymət siyasətini düzgün aparmaq və xidmət səviyyəsini yüksəltməklə rəqabətə davam gətirə bilərik", - Ağakərimov deyib.

O əlavə edib ki, əgər turizm şirkətləri və otellər qiymət endirimləri etməsələr, bu il də Azərbaycan vətəndaşları dincəlmək üçün Gürcüstana, Türkiyənin müxtəlif şəhərlərinə gedəcəklər. Bu isə Azərbaycan iqtisadiyyatı üçün yaxşı hal hesab edilmir.

"Bu səbəbdən tövsiyə edərdik ki, bütün turizm obyektləri qiymətlərə yenidən baxsınlar, qiymətləri reklam etsinlər. Əhali də görsün ki, qiymətlər aşağıdır, xidmət səviyyəsi də getdikcə yaxşılaşır. Turizm obyektləri insanların darıxmaması üçün yeni əyləncələr, əlavə xidmətlər yaratmalı və onların keyfiyyətini də yüksəltməlidir. Gürcüstan və Türkiyədə bu məsələlər yaxşı həll olunub. Turizm şirkətləri həmin ölkələrin təcrübəsindən istifadə edə bilərlər", - Ağakərimov əlavə edib.

Assosiasiya rəsmisi hesab edir ki, qiymətlərin aşağı salınması şirkətlərə iqtisadi baxımdan da xeyir verə bilər. Bu xeyir birdən-birə olmasa da, tədricən hiss olunacaq.

Xəbər lenti

Xəbər lenti