...

Gürcüstan azərbaycanlıları insan haqlarının müdafiəsi üzrə beynəlxalq normalar barədə məlumatlandırılacaqlar

Cəmiyyət Materials 17 İyun 2011 11:28 (UTC +04:00)
İyunun 17-də "Avropa Məhkəməsi - biliklərdən təcrübəyə" layihəsi çərçivəsində Gürcüstan azərbaycanlılarının kompakt yaşadığı Kvemo Kartlidə iki regional seminar işə başlayacaq.
Gürcüstan azərbaycanlıları insan haqlarının müdafiəsi üzrə beynəlxalq normalar barədə məlumatlandırılacaqlar

Azərbaycan, Bakı, 17 iyun /Trend/

İyunun 17-də "Avropa Məhkəməsi - biliklərdən təcrübəyə" layihəsi çərçivəsində Gürcüstan azərbaycanlılarının kompakt yaşadığı Kvemo Kartlidə iki regional seminar işə başlayacaq.

Seminarların əsas mövzuları İnsan Haqları üzrə Avropa Məhkəməsi, insan haqqlarının müdafisəi üzrə beynəlxalq hüquq normaları, Gürcüstanın insan haqlarının müdafiəsini tənzimləyən qanunvericiliyi, müxtəlif dövlət strukturları (Ombudsman İnstitutu, Parlament daxil olmaqla), həmçinin məhkəmə müdafiəsi (Konstitusiya Məhkəməsi də daxil olmaqla), insan haqları və azadlıqlarının, milli azlıqların hüquqlartının müdafiəsi üzrə beynəlxalq institutların fəaliyyətidir. Seminarlarda mövzular ətrafında diskussiyalar keçiriləcək.

Hər iki seminar Gürcüstan azərbaycanlılarının kompakt yaşadığı Marneuli şəhərində hüquq müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından birinin ofisində təşkil olunacaq. Bu barədə Trend-ə layihə müəlliflərindən biri Zenfira Əzizbəyova məlumat verib.

Onun sözlərinə görə, "Avropa Məhkəməsi - biliklərdən təcrübəyə" layihəsi İnsan Haqları Evləri Şəbəkəsinin katibliyi olan İnsan Haqları Evləri Fondu tərəfindən maliyyələşdirilir.

"Layihə iştirakçılarına insan haqları, həmçinin Gürcüstanda milli azlıqların hüquqlarının müdafiəsi sahəsində bilik və təcrübə qazanmağa imkan veriləcək. Layihə zamanı imzalanacaq memorandum Kvemo Kartlidə hüquq müdafiəçiləri, hüquqşünas və vəkilləri bir araya gətirəcək və bunun da əsasında hüquq müdafiəçilərinin regional şəbəkəsi yaradılacaq. Bu, layihənin əsas effektinin - insan haqlarının beynəlxalq səviyyədə, Avropa səviyyəsində beynəlxalq hüquq mexanizmlərinin köməyi ilə müdafiəsinin əldə olunması üçün lazımdır", - Əzizbəyova deyib.

O bildirib ki, layihə çərçivəsində İnsan Haqları üzrə Avropa Məhkəməsi haqqında buklet nəşr olunacaq və paylanacaq.

"Bukletə Avropa Məhkəməsinin strukturu, funksiyaları, şikayətlərin təqdim olunması qaydaları, şikayət forması, insan haqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət strukturları, beynəlxalq təşkilatlar, onların Gürcüstandakı nümayəndəliklərinin rekvizitləri daxil ediləcək. Buklet yerli əhaliyə aydın olan dildə nəşr ediləcək", - Əzizbəyova qeyd edib.

Xəbər lenti

Xəbər lenti