...

Azərbaycanda məhkəmə hakimlərinin fəaliyyəti müzakirə olunub

Cəmiyyət Materials 22 İyun 2011 12:48 (UTC +04:00)
Azərbaycanın bütün rayon, şəhər və apelyasiya məhkəmələri sədrlərinin və hakimlərin iştirakı ilə seminar-müşavirə keçirilib.
Azərbaycanda məhkəmə hakimlərinin fəaliyyəti müzakirə olunub

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın bütün rayon, şəhər və apelyasiya məhkəmələri sədrlərinin və hakimlərin iştirakı ilə seminar-müşavirə keçirilib.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən müşavirədə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələbləri, Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi vəziyyəti və mövcud problemlər müzakirə edilib.

Həbs qətimkan tədbirinin seçilməsi və mülkiyyət əleyhinə olan cinayət işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticələri barədə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun və hakimi Fərhad Kərimovun geniş məruzələri dinlənilib, yol verilən nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov məhkəmə monitorinqlərinin nəticələri barədə məlumat verib. Məhkəmə fəaliyyətində mövcud problemlər, o cümlədən bəzi hakimlər tərəfindən çəkişmə prinsipinin, müdafiə hüququnun real təmin olunmaması, Etik Davranış Kodeksinin tələblərinə lazımi diqqət yetirilməməsi, süründürməçilik və digər neqativ hallara yol verilməsi diqqətə çatdırılıb, belə halların aradan qaldırılması üçün qəti tədbirlər vurğulanıb.

Bakı Apelyasiya məhkəməsinin sədri İman Nağıyev "Apelyasiya icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsində aşkar olunan problem və nöqsanlar", Ədliyyə Nazirliyinin İnsan Hüquqları İdarəsinin rəis müavini Adil Əbilov "Avropa Məhkəməsinin islahatı: İnterlaken və İzmir Bəyannamələrindən irəli gələn vəzifələr" mövzularında məruzələrlə çıxışlar ediblər.

Xəbər lenti

Xəbər lenti