...

Azərbaycanda 187 mehmanxana və mehmanxana tipli obyekt qanunsuz fəaliyyət göstərir

Cəmiyyət Materials 7 İyul 2011 15:28 (UTC +04:00)
Hazırda Azərbaycanda 499 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
Azərbaycanda 187 mehmanxana və mehmanxana tipli obyekt qanunsuz fəaliyyət göstərir

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda 499 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bunu cümə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu deyib.

Onun sözlərinə görə, həmin obyektlərin 312-si Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən lisenziya əsasında, 187-si isə qanunsuz fəaliyyət göstərir.

"Lisenziya almaq üçün müəyyən sənədlər tələb olunur. Qanunsuz fəaliyyət göstərən yerləşdirmə obyektləri lisenziya almaq üçün bizə müraciət edirlər, amma onların əksəriyyətinin sənədləri düzgün olmur. Ona görə də hələ ki onlar sənədlərinin toplanılması ilə məşğuldurlar. Lisenziyasız fəaliyyət göstərən mehmanxanalar əsasən regionlardadır. Obyekt sahibləri obyektlərini tikirlər, sonra isə sənəd haqqında düşünməyə başlayırlar", - Oruclu bildirib.

Nazirlik rəsmisi aşağı səviyyəli mehmanxana obyektlərinin şəraitləri minimal tələblərə cavab verdikdən sonra onların lisenziyalaşdırma məsələsinə baxılmasının mümkün olduğunu deyib.

"Digər tərəfdən, Mədəniyyət və Turizm Nazirliyi olaraq, bizim prinsipial mövqeyimiz odur ki, aşağı səviyyəli mehmanxana obyektləri lisenziyalaşdırılmaya cəlb edilməsin. Söhbət vaqon tipli, minimal şəraiti olmayan obyektlərdən gedir. Ölkə üzrə olan 499 mehmanxana və mehmanxana tipli obyektin arasında onların da adları var. Belə obyektlərin yerləşdirmə obyektləri kimi tanınması düzgün deyil. Onların şəraitləri nə vaxt yaxşılaşsa və minimal tələblərə cavab versə, onda lisenziya məsələsinə baxıla bilər. Təəssüflər olsun ki, bu gün rayonlarda çox pis vəziyyətdə yerləşdirmə obyektləri var", - Oruclu deyib.

Nazirlik rəsmisi əlavə edib ki, belə obyektlərin fəaliyyətinin qarşısını almaq üçün hansısa tədbirlərin görülməsi Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətinə aid deyil. Bununla bağlı vergi və digər müvafiq orqanlar tədbirlər görə bilər. Oruclu hesab edir ki, çox aşağı səviyyəli obyektlər rəqabətə dözə bilməyərək özləri də təbii şəkildə sıradan çıxacaqlar.

Oruclunun sözlərinə görə, ümumilikdə ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 80-ə yaxını ulduz kateqoriyası alıb. Mehmanxana və mehmanxana tipli obyektlərə ulduzların verilməsi könünllük prinsipi ilə həyata keçirilir. Hazırda respublikadakı hotellərin 15-i "beş ulduz"ludur. Onların 13-ü Bakıdadır. Respublikada 37 "dörd ulduz"lu hotel fəaliyyət göstərir ki, onun 21-i Bakıda, qalanları regionlardadır.

"Üç ulduz"lu 21 hoteldən 13-ü Bakıdadır.

Ölkə üzrə ümumilikdə "iki ulduz"lu 3 hotel fəaliyyət göstərir. Onun 1-i paytaxtdadır.

Xəbər lenti

Xəbər lenti