...

Dövlət Komitəsi: Azərbaycan daxilində övladlığa götürənlər hesabat verməlidir

Cəmiyyət Materials 22 İyul 2011 13:12 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda ölkədaxili övladlğa vermədə övladlığa götürənlərin hesabat verməsi təklifi ilə çıxış edib.
Dövlət Komitəsi: Azərbaycan daxilində övladlığa götürənlər hesabat verməlidir

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda ölkədaxili övladlğa vermədə övladlığa götürənlərin hesabat verməsi təklifi ilə çıxış edib.

Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov Trend-ə bildirib ki, xaricə övladlığa vermədə olduğu kimi, ölkədaxili övladlığa vermədə də hesabatların verilməsi zəruridir.

Onun sözlərinə görə, Komitə bu hesabatların verilmə müddətinin 5 il müəyyən edilməsini təklif edir.

Səfərov bildirib ki, Azərbaycan qanunvericiliyində övladlığa götürənlərin aşağı və yuxarı yaş hədləri konkret müəyyən edilməyib. Belə ki, qanunvericilikdə yalnız o qeyd olunub ki, övladlığa götürənlərin yaşı 16-dan aşağı ola bilməz.

Xarici ölkələrin təcrübəsini nümunə gətirən müdir müavini deyib ki, aşağı yaş həddi 18, yuxarı yaş həddi 50 yaş müəyyən olunmalıdır.

Komitə daxili övladlığa götürmə ilə bağlı mərkəzləşdirilmiş nəzarətin və xarici vətəndaşlara övladlığa vermə prosesinə nəzarətin gücləndirilməsi təklifləri ilə də çıxış edib.

Səfərov bildirib ki, Azərbaycan vətəndaşlarının övladlığa götürülməsi ilə bağlı komitəyə daha çox ABŞ, Fransa vətəndaşları tərəfindən müraciətlər edilir. O gələcəkdə bu dövlətlərlə yanaşı İsrail, Türkiyə ilə bu sahədə ikitərəfli müqavilələrin bağlanılmasını zəruri hesab edib.

Səfərovun sözlərinə görə, ikitərəfli müqavilələrin bağlanması bu sahədə əlaqələrin daha da inkişafına, övladlığa verilən uşaqların gələcəyinə daha yaxşı nəzarət etməyə imkan verəcək.

Dövlət Komitəsi övladlığa götürmə üzrə mərkəzi orqan təyin edildikdən sonra ümumilikdə 18 uşaq xarici vətəndaşlara övladlığa verilib. Onlardan 12-si qız, 6-sı oğlandır.
Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir.

Uşağı övladlığa götürən ailə Komitənin tələbi ilə 3 il ərzində 6 aydan bir olmaqla ildə iki dəfə uşağın həyat və şəraiti, inkişafı, təhsili və s. barədə məlumatları hesabat formasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edir.

Bu hesabatlara həmin uşaqların həyat tərzini, yaşayışını özündə əks etdirən fotoşəkillər, videogörüntülər və rəsmi orqanların bu uşaqların sağlamlığı, həyatı və s. haqqında sənədlər daxildir. Həmin sənədlər vasitəsilə uşağın yaşadığı həyat şəraiti ilə tanış olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti