...

Azərbaycan avarçəkənləri dünya çempionatında 2 finalda çıxış ediblər

Cəmiyyət Materials 1 Avqust 2011 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Kayak və kanoe üzrə Azərbaycan milli komandası Almaniyanın Brandenburq şəhərində keçirilmiş yeniyetmələr arasında dünya çempionatında çıxış edib. Yığmamızın heyətində yer alan 8 idmançı arasında ən yaxşı nəticəni Aleksey Kupin - İqor Delistianov dueti göstərib. Onlar 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr və 1000 metr məsafələrə yürüşlərdə əsas finala çıxıblar.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, Kupin - Delistianov cütlüyü 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 52,960 saniyə nəticə ilə 3-cü olaraq yarımfinala yüksəlib. Növbəti mərhələdə kanoeçi duetimiz finişə bütün rəqiblərindən tez - 1 dəqiqə 50,580 saniyəyə çatıb. Bununla da əsas finalda çıxış etmək hüququ qazanan Kupin - Delistianov cütlüyü həlledici yürüşdə 1 dəqiqə 49,703 saniyə nəticə ilə 5-ci olub.

Bu duet 1000 metr məsafəyə seçmə yürüşdə 4 dəqiqə 10,190 saniyə nəticə ilə 4-cü, yarımfinalda 3 dəqiqə 54,720 saniyə göstərici ilə 3-cü, əsas finalda isə finişə 3 dəqiqə 51,760 saniyəyə çataraq 6-cı olub.

Kupin - Delistianov dueti 200 metr məsafəyə yürüşə də qatılıb. Bu dəfə onlar seçmə mərhələdə 42,010 saniyə nəticə ilə 5-ci, yarımfinalda 42,180 saniyə göstərici ilə 6-cı olublar. İlk "3-lüy"ə düşə bilmədiklərindən, əsas finaldan kənarda qalan kanoeçi cütlüyümüz B finalında finişə 42,281 saniyəyə çataraq 5-ci, yəni ümumi nəticədə 14-cü olublar.

Kanoeçilərin yarışında 1 nəfərlik qayıqla (C-1) mübarizə aparan Radoslav Kutsev 1000 metr məsafəyə seçmə mərhələ yürüşündə 4 dəqiqə 36,570 saniyə nəticə ilə 5-ci, yarımfinalda 4 dəqiqə 20,210 saniyə göstərici ilə 4-cü olub. Bununla da əsas finaldan kənarda qalan Kutsev B finalında finişə 4 dəqiqə 32,510 saniyəyə çataraq 7-ci, yəni ümumi nəticədə 16-cı yeri tutub.

Daha bir kanoeçimiz Aleksey Kuçer isə eyni tipli qayıqla 200 və 500 metr məsafələrə yürüş edib. Kuçer 200 metr məsafəyə seçmə mərhələ yürüşündə 44,650 saniyə nəticə ilə 7-ci, yarımfinalda 45,010 saniyə göstərici ilə 9-cu olub. 500 metr məsafəyə seçmə yürüşdə isə o, finişə 2 dəqiqə 8,370 saniyəyə 4-cü, yarımfinalda 2 dəqiqə 8,760 saniyəyə 9-cu çatıb. Bununla da kanoeçimiz hər iki məsafəyə yürüşlərdə ilk "18-liy"ə belə düşə bilməyib.

Kayakçılarımızdan isə ən yaxşı nəticəni Yasin Əhmədov - Amil Hüseynli dueti göstərib. 2 nəfərlik qayıqla (K-2) 1000 metr məsafəyə yürüş edən duetimiz seçmə mərhələdə finişə 3 dəqiqə 46,530 saniyəyə 5-ci, yarımfinalda 3 dəqiqə 36,360 saniyəyə 7-ci çatıb. Bununla da B finalında çıxış edən azərbaycanlı cütlük 3 dəqiqə 40,660 saniyə nəticə ilə 7-ci, yəni ümumi sıralamada 16-cı yeri tutub.

Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşdə 39,210 saniyə nəticə ilə 3-cü yeri tutsa da, yarımfinalda finişə 6-cı çatıb. Baxmayaraq ki, onun göstəricisi daha yaxşı - 38,800 saniyə olub. Beləliklə, kayakçımız C finalında çıxış edib və 38,737 saniyə nəticə ilə 6-cı, ümumi sıralamada isə 41 iştirakçı arasında 24-cü yerlə kifayətlənib.

Tamerlan Mustafayev həm də Rüfət Vəlizadə ilə birgə 2 nəfərlik qayıqla (C-2) 200 metr və 500 metr məsafələrə yürüş edib. 200 metr məsafəyə seçmə yürüşdə onlar 36,340 saniyə nəticə ilə 3-cü olublar. Lakin yarımfinalda Mustafayev - Vəlizadə cütlüyü finişə 37,320 saniyəyə çataraq 7-ci yerlə kifayətlənib. 500 metr məsafəyə yürüşdə kayakçı duetimiz seçmə mərhələdə 1 dəqiqə 40,070 saniyəyə 7-ci, yarımfinalda 1 dəqiqə 41,570 saniyəyə 8-ci olublar. Beləliklə, onlar hər iki məsafəyə yürüşdə ilk "18-lik"dən kənarda qalıblar.

Dünya çempionatında rekord sayda - 64 ölkədən 650-dək idmançı iştirak edib.

Xəbər lenti

Xəbər lenti