...

Azərbaycan Ekologiya Nazirliyi Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 2 Avqust 2011 10:52 (UTC +04:00)
İyul ayının III ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb.
Azərbaycan Ekologiya Nazirliyi Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İ.İsabalayeva/

İyul ayının III ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.

İyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II ongünlüyünə nisbətən saniyədə 47 kub metr azalaraq 135 kub metr təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.

İyul ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.20-9.11mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti