...

Azərbaycanda hər il gənc arxeoloq alimlər üçün beynəlxalq yay məktəbi keçiriləcək

Cəmiyyət Materials 27 Avqust 2011 13:05 (UTC +04:00)
Bu ildən etibarən Azərbaycanda hər il gənc arxeoloq alimlər üçün beynəlxalq yay məktəbinin keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda hər il gənc arxeoloq alimlər üçün beynəlxalq yay məktəbi keçiriləcək

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu ildən etibarən Azərbaycanda hər il gənc arxeoloq alimlər üçün beynəlxalq yay məktəbinin keçirilməsi nəzərdə tutulur. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri İlqar Orucov deyib.

Onun sözlərinə görə, gənc arxeoloq alimlər üçün "Cənubi Qafqazın qədim mədəniyyətləri" adlı ilk beynəlxalq yay məktəbi bu il təşkil edilib. Avqustun 1-dən başlayan yay məktəbi bir ay davam edəcək.

Layihəni MDB Humanitar Əməkdaşlıq Fondu maliyyələşdirib. Layihədə MDB respublikalarından və Yaponiyadan olan gənc arxeoloq alimlər iştirak edirlər. Artıq onların iştirakı ilə Tovuz rayonunda ekspedisiya təşkil edilib, qazıntı işləri aparılıb, Azərbaycanın görkəmli arxeoloqları həmin gənc alimlərə mühazirələr oxuyublar.

Orucov bildirib ki, yay məktəbinin və bu dövrdə aparılan qazıntı işlərinin nəticəsi olaraq, rus dilində kitab hazırlanır. Kitab bütün iştirakçı dövlətlərə göndəriləcək, müvafiq elmi kitabxanalara paylanacaq.

Mərkəz rəhbəri belə yay məktəbinin təşkilinin Azərbaycan tarixinin öyrənilməsi baxımdan vacib olduğunu da qeyd edib.

"Belə məktəblərin təşkili nəticəsində Azərbaycanın nə qədər qədim tarixə malik olduğu dünyaya bir daha göstəriləcək. Çünki ekspedisiyanın üzvləri müxtəlif ölkələrin alimləridir. Onlar burada Azərbaycanın qədim sivilizasiyaya malik olduğunu öz gözləri ilə görüblər. Təbii ki, alimlər öz ölkələrində Azərbaycanda görülən işlərlə bağlı təbliğat işləri aparacaq və eyni zamanda, məsələyə yeni elmi yanaşma ortaya qoyacaqlar", - AMEA rəsmisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti