Birinci abzasdan sonra əlavə olunub (İlk xəbər 12:27-də yayılıb)
Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Hacıyev/
Ötən 4 ay ərzində Azərbaycan kütləvi informasiya vasitələrində 21 786 dil qaydaları pozuntusu faktı aşkarlanıb. Trend-in məlumatına görə, bunu cümə axşamı "Media və dil faktoru" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
"Araşdırmalar bir neçə istiqamətdə aparılıb və KİV-də leksik, qrammatik və üslub pozuntuları müəyyənləşdirilib. Qrammatik pozuntular bir neçə istiqamətdə qeydə alınıb. Bunlar morfoloji və sintaktik qaydalara əməl olunmamasıdır", - Amaşov deyib.
Onun sözlərinə görə, pozuntuların 305-i leksik, 2061-i morfoloji, 7418-i sintaktik qaydalara əməl olunmaması, 14056-sı üslub pozuntuları ilə bağlı olub.
Amaşov deyib ki, leksik pozuntular əsasən dialekt və şivələrin, terminologiyaların və neologizmlərin istifadəsi ilə əlaqədar olub.
"Morfoloji pozuntulara isə əsasən şəkilçilərin istifadəsi zamanı rast gəlinib", - MŞ sədri deyib.