...

Ekologiya Nazirliyi bəzi meşələrdə ağacların qırılması faktları ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb

Cəmiyyət Materials 18 Oktyabr 2011 13:04 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bəzi meşə zonalarında ağacların qırılması ilə bağlı internet saytlarında yayılan məlumatları araşdırıb.
Ekologiya Nazirliyi bəzi meşələrdə ağacların qırılması faktları ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir T.Hacıyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bəzi meşə zonalarında ağacların qırılması ilə bağlı internet saytlarında yayılan məlumatları araşdırıb. Trend-in ETSN-in rəsmi saytına istinadən verdiyi məlumatına görə, yayılan məlumatların həqiqətə uyğun olub-olmadığını yoxlamaq məqsədilə nazirliyin və QHT nümayəndələrindən ibarət komissiya yaradılıb.

Komissiya üzvləri adları internet saytlarında göstərilmiş Zaqatala rayonunun Car meşəbəyliyinin Mişleş, Muğanlı meşəbəyliyinin Əlibayramlı və Muğanlı, Əliabad meşəbəyliyinin Qımır və Əliabad kəndləri, eləcə də Katex və Alazan çayları yaxınlığındakı meşə ərazilərində geniş araşdırma aparıb və aktlaşdırılmamış cəmi 12 ədəd ağacın özbaşına kəsildiyini müəyyən ediblər. Təbiətə dəymiş ziyan cavabdeh meşə gözətçiləri tərəfindən ödənilib.

İnternet səhifəsində yayılan məlumatda isə Zaqatala meşələrində 320 ədəd ağacın özbaşına kəsilməsi qeyd olunub.

Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) meşə fondu ərazisi 54 min hektardır, ümumi ağacların sayı isə 40 milyon ədəddən artıqdır.

2010-cu ildə Nazirliyin müfəttişləri və rayon meşə mühafizə işçiləri tərəfindən aparılan reydlər və operativ yoxlamalar zamanı Zaqatala MMBM-in xidməti ərazisində 320 yox 1008 ədəd müxtəlif cinsli ağacın özbaşına kəsilməsi faktı aşkar olunaraq protokollaşdırılıb, 7647 manat məbləğində dəymiş ziyan təqsirkarlar tərəfindən ödənilib. Komissiya üzvləri tərəfindən adları internetdəki anonim materialda çəkilən Aşağı Tala, Əlibayramlı, Muğanlı və Mazıx kəndlərində mövcud olan sənaye təyinatlı ağac emalı sexlərinə baxış keçirilib və həmin sexlərdə yerli meşə materiallarının olmadığı, sexlərin isə uzun müddət fəaliyyət göstərmədiyi müəyyən edilib.

Bir müddət əvvəl Lənkəran meşələrində yanacaq və sənaye məqsədləri üçün ağacların kütləvi qırılması ilə bağlı internetdə yayılan məqalədəki faktlar da bir sıra QHT və məqalədə adlarına istinad olunan şəxslərin birgə iştirakı ilə yerində araşdırılıb. Araşdırmada məqalədə adları göstərilən şəxslərin bir qisminin iştirakını təmin etmək mümkün olmayıb. Buna səbəb isə həmin şəxslərin ümumiyyətlə sözügedən ərazidə yaşamamaları və qeydiyyatda olmamalarıdır.

Geniştərkibli monitorinq qrupunun apardığı araşdırma zamanı Lənkəran meşələri ilə bağlı yazıda qeyd edilənlər də öz təsdiqini tapmayıb.

Xəbər lenti

Xəbər lenti