Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Hazırda Azərbaycanda hər 20 şagirdə bir kompüter düşür. Bunu şənbə günü Trend-ə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Elina Rzayeva məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın təhsil müəssisələrinin kompüterləşməsi prosesinə 2005-ci ildən başlanılıb. Bu iş 2005-2007-ci illəri əhatə edən "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı" çərçivəsində həyata keçirilib. Həmin proqramın icrası nəticədə şagirdlərə düşən kompüterlərin sayı 1/1000 nisbətindən 1/29 nisbətinədək dəyişib. Yəni ölkədə hər 29 nəfər şagirdə bir kompüter düşüb.
Rzayeva bildirib ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində bu nisbət dəyişib. Proqramın icrası nəticəsində hər 20 şagirdə bir kompüterin düşməsinə nail olunub.