...

Bakıda piyadavurmaların qarşısının alınması məqsədilə əlavə tədbirlər planı hazırlanıb

Cəmiyyət Materials 4 Noyabr 2011 15:42 (UTC +04:00)
Bakıda piyadavurmaların qarşısının alınması məqsədilə əlavə tədbirlər planı hazırlanıb.
Bakıda piyadavurmaların qarşısının alınması məqsədilə əlavə tədbirlər planı hazırlanıb

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda piyadavurmaların qarşısının alınması məqsədilə əlavə tədbirlər planı hazırlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə günü Trend-ə bildirib ki, piyadaların avtomobillərlə vurulması hallarının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi barədə daxili işlər naziri göstəriş verib.

Göstərişə əsasən, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən xüsusi tədbirlər planı hazırlanıb.

Əsədov bildirib ki, respublika üzrə bu günə qədər piyadaların vurulması ilə bağlı 847 hadisə, 266 ölüm, 645 xəsarət faktı qeydə alınıb. Bu hadisələr ölkədə baş verən yol qəzalarının 38,6 faizini təşkil edir. Bakıda qeydə alınan yol qəzalarının 51 faizi piyadaların vurulması ilə bağlı olub.

Əsədovun sözlərinə görə, təhlillər göstərir ki, əksər hallarda belə hadisələr piyadaların yol hərəkəti qaydalarını pozması səbəbindən baş verir.

Bu hadisələrin qarşısını almaq məqsədilə təsdiq olunmuş tədbirlər planının tələbinə uyğun olaraq, gündəlik olaraq yeraltı və yerüstü piyada keçidləri olan ərazilərdə, xüsusilə, intensiv piyada hərəkəti olan yollarda yol post patrul xidməti əməkdaşları cəlb olunmaqla gündəlik xidmət aparılması nəzərdə tutulub.

Piyadaların yolun hərəkət hissəsini müəyyən olunmayan yerlərdən keçmələri, piyada işıqforları və nizamlayıcıların tələblərinə riayət etməmələri kimi halların qarşısının alınması və qanunvericiliklə müəyyən olunan qaydada inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görüləcək.

İl ərzində piyadaların vurulmasına qarşı mübarizə məqsədilə keçirilən tədbirlərdə 1563 piyada inzibati qaydada cəzalandırılıb.

Xəbər lenti

Xəbər lenti