Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir E.Mehdiyev/
Türkdilli dövlətlərin ortaq telekanalının yaradılmasına çox böyük ictimai maraq var. Bunu cümə günü Trend-ə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri Nizami Cəfərov bildirib.
"Bu istiqamətdə ilk addım TRT Avaz-ın açılması oldu. Həqiqətən TRT Avaz xeyli iş gördü və bu gün də görür. Xüsusilə, bizim İctimai Televiziya ilə bu telekanalın əməkdaşlığı Azərbaycanda türk dünyasının maraqları, ümumi türk mədəniyyəti, musiqisi, türk ictimai fikrinin formalaşması üçün bir mərhələdir", - Cəfərov qeyd edib.
Onun sözlərinə görə, bu gün müxtəlif türkdilli dövlətlərin televiziyalarında ümumtürk əhəmiyyətli verilişlər olsa da, bütün türk dövlətlərinin maliyyələşdirdiyi ümumi bir qurum olmalıdır.
"Bu, mədəniyyət nazirliklərinin, türk dövlətlərinin parlamentlərinin maliyyələşdirməsi səviyyəsində ola bilər və ortaq maraqları daha ümumi, hərtərəfli şəkildə ifadə etmək üçün bunun ümumi bir şurası olmalıdır", - Cəfərov bildirib.
O qeyd edib ki, ortaq türk kanalının maliyyələşdirilməsi ilə bağlı təkliflər səslənir. Əgər başqa cür yollar olmasa, bu ortaq kanal dövlətlər tərəfindən maliyyələşdirilə bilər. Onun sözlərinə görə, hətta bu, ictimailəşmiş şəkildə ortaya çıxarsa, türk dünyasının iş adamları tərəfindən də maliyyələşdirilə bilər.
"Ortaq TV özəl televizya şəklində də ortaya çıxa bilər", - Cəfərov bildirib.
Deputatın sözlərinə görə, artıq ümumtürk kanalının fəaliyyəti üçün kifayət qədər əsas yaranıb.
"Ortaq türk kanalı TRT AVAZ-ın bazasında, tam müstəqil və ya hər hansı bir türkdilli respublikanın televiziyasında da yarana bilər", - Cəfərov qeyd edib.
Onun sözlərinə görə, türk xalqlarının qurultaylarında, türkdilli dövlət başçılarının zirvə toplantılarında, TürkPA-nın iclaslarında bu məsələlər qaldırılır. Bu istiqamətdə ardıcıl iş aparılır və müxtəlif yollar üzərində düşünülür.