...

Tənbəlliyin və irsiyyətin yaratdığı xəstəlik Azərbaycana "ayaq açıb"

Cəmiyyət Materials 12 Noyabr 2011 12:52 (UTC +04:00)
Bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabet xəstələrinin sayı artır.
Tənbəlliyin və irsiyyətin yaratdığı xəstəlik Azərbaycana "ayaq açıb"

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabet xəstələrinin sayı artır. Bunu şənbə günü Trend-ə Azərbaycanın baş endokrinoloqu Rafiq Məmmədhəsənov deyib.

Onun sözlərinə görə, bu xəstəlik epidemiya olmasa da, xəstələrin sayında hər il artım qeydə alınır. Hazırda Azərbaycanda 136 min şəkərli diabet xəstəsi qeydiyyatdadır. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da real xəstələrin sayının daha çox olduğu güman edilir.

Noyabrın 14-ü Ümumdünya Diabet Günüdür.

Məmmədhəsənov deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı 2025-ci ilədək şəkərli diabet xəstələrinin sayının 350, hətta 380 milyon nəfərə çatacağı barədə proqnoz verib. Amma bu proqnoz özünü tam doğrultmaya da bilər.

Baş endokrinoloqun sözlərinə görə, şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabet xəstəliyi xroniki insulin çatışmazlığından əmələ gəlir. Diabetli xəstədə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Xəstəliyin artımının ən əsas səbəblərindən biri insanlarda piylənmənin artmasıdır.

"İnsanın həyat tərzi dəyişib, kobud şəkildə desək, insanlar yeyib-yatırlar. İndi texnikanın inkişaf etdiyi bir dövrdür. Müasir insanlar fiziki hərəkətlə çox az məşğul olurlar. İnsanlarda əzələ hərəkəti azalıb, artıq hər şey - televizor, kondisioner və s. pultla işləyir. Əzələ hərəkəti azaldığı üçün də insanlarda hərəkət azlığı, piylənmə yaranır. Piylənmə isə şəkərli diabetin yaranmasına təsir göstərən səbəblərdən biridir", - Məmmədhəsənov deyib.

O bildirib ki, belə vəziyyət yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir. Həkim şəkərli diabet xəstəliyinin yaranmasında irsi amillərin də rolunun olduğunu söyləyib.

Onun sözlərinə görə, irsiyyətində diabet olan ailə üzvləri ailə qurduqda, bu, yeni doğulmuş körpədə xəstəliyə irsi meyillik yaradır.

Məmmədhəsənov qeyd edib ki, şəkərli diabet xəstəliyi əlamətləri büruzə verildikdə üzə çıxır. Nadir hallarda isə xəstəlik öz əlamətlərini büruzə vermir. Bu halda insanda şəkərli diabetin olması müayinə zamanı aşkara çıxır.

Baş endokrinoloqun sözlərinə görə, şəkərli diabet xəstələrini vaxtında aşkarlamaq məqsədilə Səhiyyə Nazirliyi başqa bir xəstəliklə əlaqədar xəstəxanaya müraciət edən insandan digər analizlərlə yanaşı, qanda şəkərin yoxlanılması barədə də göstəriş verib.

Məmmədhəsənov qeyd edib ki, ABŞ dünyada şəkərli diabetin ən geniş yayıldığı ölkədir. Burada əhalinin 7 faizi şəkərli diabetdir. Fransa və digər inkişaf etmiş ölkələrdə də bu xəstəlik geniş yayılır. Azərbaycan isə şəkərli diabet xəstəliyinə görə dünyada risk qrupuna daxil olan ölkələr sırasına aid edilmir.

Şəkərli diabetin yaranmasına imkan verən səbəblərdən biri olan piylənmə hazırda Azərbaycanda ən təhlükəli problemlərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən bir müddət əvvəl verilən məlumata görə, ölkəmizdə əhalinin 25 faizində bədən çəkisi normadan çoxdur. Əhalinin bədən çəkisinin artıq olması qida ilə əlaqələndirilir.

Hesab edilir ki, Azərbaycan meyvə-tərəvəzi bol olan ölkə olsa da, insanlar ətə, kərə yağına daha çox üstünlük verirlər. Meyvə-tərəvəzdən, hətta süddən az istifadə edirlər. Bütün bunlar isə insanların sağlamlığına öz təsirini göstərir.

Xəbər lenti

Xəbər lenti