...

"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi uğurla həyata keçirilir

Cəmiyyət Materials 24 Dekabr 2011 18:14 (UTC +04:00)
"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi uğurla həyata keçirilir
"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi uğurla həyata keçirilir

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsinə 2010-cu ildə start verilmişdir. Layihəyə hazırlıq işləri isə 1,5 il öncədən başlanmışdır. Bu müddətdə layihənin həyata keçirilməsi üçün potensial təbiət əraziləri, yem və su bazası öyrənilmiş, real təhlükə mənbələrinin aradan qaldırılması üçün zəruri işlər həyata keçirilmiş, ceyranların tutulması, daşınması və təbii şəraitə adaptasiyası üçün xüsusi metodika müəyyən edilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyd olunan fəaliyyətlər nazirlik tərəfindən layihənin rəsmi tərəfdaşları olan Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Qafqaz ofisi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan Nümayəndəliyi ilə birlikdə həyata keçirilmiş, icra prosesində bilavasitə ukraynalı, almaniyalı mütəxəssislər ölkəmizə səfər edərək lazımi göstərişlərini vermişlər. Layihənin icrası üçün tələb olunan avadanlıqlar - ən müasir keyidici silah, tor və tələ avadanlıqları, peyk vasitəsilə siqnalötürücü xaltalar, simsiz rabitə vasitələri alınmışdır. Bu avadanlıqlardan istifadə edilərək ceyranların həyat təhlükəsizliyi təmin olunur və hərəkətlərinin nəzarəti həyata keçirilir. Həmçinin yerli icma nümayəndələri, xüsusən fermerlərdən ceyranların həyat və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə iltizamnamələr alınmışdır.

Layihənin digər rəsmi tərəfdaşı isə Heydər Əliyev Fondudur. Fondun nümayəndələrinin Layihə üzrə aparılan təbliğat işlərində iştirakı aksiyanın uğurlu nəticələri və insanların - yerli icmaların məsələyə daha məsuliyyətli yanaşması üçün əhəmiyyətli olmuşdur. Həmçinin 24 dekabr 2010-cu il tarixində ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir neçə ceyranın üzərinə peyk vasitəsilə siqnal ötürücü xaltalar bağlayaraq Qobustan ərazisinə buraxması dövlətin ətraf mühit və bioloji müxtəliflik problemlərinə həssas münasibətinin göstəricisi və bu sahədəki siyasətinin təzahürü olaraq dünyəvi bir mesaj kimi qiymətləndirilməlidir.

Layihənin başlanmasından keçən dövr ərzində (bu günədək) potensial reintroduksiya ərazilərindən Ağgöl Milli Parkı ərazisinə 19, Qobustan-Cəngiçay ərazisinə 39, Acınohur-Sarıca düzü ərazisinə 40 baş ceyran buraxılmışdır. Müvafiq ərazilərdə ceyranların boyunlarına bağlanmış xüsusi xaltalarla onların hərəkətləri barədə gündə bir neçə dəfə peyk vasitəsilə məlumatlar alınır.

Ağgöl Milli Parkına buraxılmış ceyranlar ərazinin yem bazasına öyrəşmək üçün bir müddət Milli Park ərazisində yaradılmış süni volyerdə adaptasiya keçdikdən sonra vəhşi təbiətə buraxılmış və kiçik ceyran sürüsü əraziyə uyğunlaşaraq 2010-cu ilin may ayında balalamışdır. 24 dekabr 2011-ci il tarixində aparılmış monitorinqin nəticəsinə əsasən ərazidə 21 baş ceyran müşahidə edilmişdir.

Qobustan-Cəngiçay ərazisinə buraxılmış ceyranlar ilk vaxtlardan 2-3 qrupa bölünərək hərəkət etmişlər. Peyk məlumatlarına əsasən ceyranların bir qrupu Güzdək qəsəbəsinin cənub qərbində, digər qrupu isə Abşeron rayonunun Pirəkəşkül kəndinin qərb istiqamətində müşahidə olunmuşdur. Bu ilin fevral ayından etibarən boyunlarına xalta bağlanmış ceyranların hərəkət istiqamətində ciddi yerdəyişmələr müşahidə olunmasa da, yerli sakinlərin sözlərinə görə ceyranlar arasında bölünmə baş vermiş və onlar iki-iki, üç-üç gəzməyə başlamışlar. Mart ayında boynuna xalta bağlanmış ceyranlardan biri canavar tərəfindən yeyilmiş, siqnalın daxil olduğu gün ceyranın nəşi aşkarlanaraq şəkli çəkilmiş və xalta götürülmüşdür. Hazırda ərazidə ceyranların döllənmə dövrü ilə bağlı tək və ya iki-bir, üç-bir gəzməsi halları müşahidə olunur. ETSN-nin mütəxəssisləri 24 dekabr 2011-ci il tarixində WWF-in Azərbaycan Nümayəndəliyinin üzvləri ilə birlikdə ərazidə apardıqları monitorinq zamanı Pirəkəşkül qəsəbəsinin cənub istiqamətində, o cümlədən Bakı-Şamaxı yolunun 47-ci və 50-ci kilometrliklərində müxtəlif ceyran qruplarına rast gəlmişlər.

Ceyranların olduqları Qobustan-Cəngiçay ərazisinə yasaqlıq statusu verilməsi məsələsi Nazirlikdən asılı olmayan səbəblərdən ləngidiyindən, ərazidə mühafizə rejiminin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarından ibarət qrup yaradılmış və bu qrup gündəlik olaraq fəaliyyətini davam etdirir.

Sahəsi təqribən 24 min hektaradək olan Acınohur-Sarıca düzünə buraxılmış ceyran sürüsü hazırda 50 min hektaradək ərazidə hərəkət edir. Son günlərin araşdırmalarına əsasən ərazidə reintroduksiya olunmuş fərdlərdən əlavə, 2011-ci ildə dünyaya gəlmiş 7-10 sayda ceyran balası da müşahidə edilmişdir. Eyni zamanda ceyranların bir il ərzində Samux və Şəki rayonlarının ərazisində də hərəkəti qeydə alınmışdır.

Xəbər lenti

Xəbər lenti