Azərbaycan, Bakı, 5 yanvar / Trend müxbir İ.İsabalayeva/
Bayram günlərində Bakının təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinə alkoqol zəhərlənmələri ilə bağlı edilən müraciətlərin sayı çoxalıb. Bunu cümə axşamı Trend-ə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Suğra Bəşirova deyib.
Onun sözlərinə görə, alkoqol zəhərlənmələrinin çoxu yanvarın 1-də baş verib. Bəşirova alkoqol zəhərlənmələrinin statistikası barədə əlavə məlumat verməyib.
Bəşirova bayram günlərində adi günlərdən çox çağırış edildiyini də vurğulayıb. O bildirib ki, adi günlərdə bir gün ərzində 1500 çağırış edildiyi halda, bayram günlərində bir gün ərzində edilən çağırışların sayı 1700 olub. Bu artım bayram günlərində poliklinikaların fəaliyyət göstərməməsi ilə də bağlı olub.
Bəşirovanın sözlərinə görə, bayram günlərində insanlar çox qida qəbul edirlər. Bu isə müəyyən xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır. Buna görə də çağırışların sayı çox olur.
Baş həkimin müavini Bakı şəhərində digər günlərlə müqayisədə bayram günlərində baş verən yol qəzaların sayının daha az olduğunu bildirib. O, bunun səbəbini insanların bayram günlərində evdə olmaları, işə getməmələri ilə izah edib.