Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda artıq insanlar onkoloji xəstəliklərin daha erkən mərhələdə aşkarlanmasına maraq göstərirlər. Bunu çərşənbə günü Trend-ə Azərbaycanın baş onkoloqu Azad Kərimli deyib.
Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycanda 28 052 onkoloji xəstə qeydiyyata alınıb. Ölkədə kişilər arasında daha çox ağciyər, qadınlar arasında isə süd vəzisi xərçənginə təsadüf olunur.
Xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsini vacib hesab edən baş onkoloq tövsiyə edir ki, qadınlar 30-35 yaşdan sonra mammoqrafiya müayinəsindən keçsinlər. Çünki hazırda bu, dünyada qadınlarda süd vəzisi xərçəngini aşkarlamaq üçün ən müasir və düzgün məlumat verən müayinə üsuludur. Bu gün Azərbaycanda Milli Onkologiya Mərkəzində mammoqrafiya üsulu çox geniş tətbiq olunur.
Kərimlinin sözlərinə görə, əvvəllər Azərbaycanda onkoloji xəstələr xəstəliyin geçikmiş, yəni III və IV mərhələlərində həkimə müraciət edirdilər. Amma artıq ölkədə xərçəng xəstəliyinin erkən mərhələdə aşkarlanması ilə bağlı vəziyyət xeyli yaxşılaşıb. Xəstəliyi vaxtında aşkarlamaq üçün Milli Onkologiya Mərkəzinin iki səyyar diaqnostik kompleks maşını vasitəsilə rayonlardakı əhali arasında da müayinələr keçirilir. Həmin müayinələr zamanı səyyar briqadalar insanlarda xərçənglə yanaşı, xərçəngönü xəstəlikləri də aşkarlayırlar.
"Biz rayonlara gedəndə çox dözülməz hallarla rastlaşırıq. İnsanlar xəstəliklərini ən kəskin mərhələyə çatdırırlar. Mən belə insanları qınaya bilmirəm, çünki bu, maarifləndirilmənin olmamasından irəli gəlir. Hər ilin oktyabr ayında Avropa ölkələrində "Süd vəzisi xərçənginə "yox" deyək" devizi altında aksiya keçirilir. Ötən il Azərbaycanda ilk dəfə olaraq, bu aksiyanı iki gün ərzində keçirdik. Biz bu maarifləndirici aksiyanın səmərəsinin nə qədər böyük olduğunu gördük. Buna görə də bu işi daha da gücləndirmək lazımdır", - onkoloq deyib.
O hesab edir ki, xəstəliklə mübarizədə bütün məsuliyyəti yalnız onkoloqların üzərinə atmaq olmaz. Son vaxtlar xərçəngə qarşı mübarizə ilə bağlı maarifləndirmə işləri yaxşılaşsa da, televiziya kanalları bu işin təşkilində daha aktiv iştirak etməli, xərçəng xəstəliyi barədə əhaliyə geniş məlumat verməlidirlər.
"Məsələn, bilirik ki, siqaret çəkmək çox ziyandır. Amma siqaretə qarşı, o cümlədən ekoloji mühitin təmiz olması üçün yalnız onkoloqlar deyil, bütün kütlə mübarizə aparmalıdır. Nəzərə alınmalıdır ki, ekoloji natəmizlik yalnız onkoloji deyil, digər xəstəliklərin də yaranmasına səbəb olur", - Kərimli qeyd edib.
O əlavə edib ki, insanlar onkoloji xəstəliklərlə bağlı əməliyyatlar etdirmək zamanı da diqqətli olmalıdırlar. Hazırda xəstələr bu əməliyyatların aparılması üçün tibb müəssisələrini fərdi seçimləri əsasında müəyyən edirlər. Bu əməliyyatların sırf onkoloq-cərrahlar tərəfindən və onkoloji müəssisələrdə aparılmasını tövsiyə edən Kərimlinin sözlərinə görə, əməliyyatların aparılması üçün xüsusi onkoloji prinsiplər var ki, onlara da mütləq riayət olunmalıdır.
Uşaq onkologiyasına gəldikdə isə, Kərimli deyib ki, indiyədək Azərbaycanda uşaq onkologiyasının olmaması bu xəstəlikdən əziyyət çəkən uşaqların müalicə üçün ya xaricə üz tutması, ya da onların müalicədən kənarda qalması ilə nəticələnirdi. Amma artıq Azərbaycanda bu problem aradan qaldırılır, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi daha da təkmilləşdirilir. Milli Onkologiya Mərkəzinin bu problemin həlli üçün tikdiyi uşaq onkologiyası korpusu yaxın vaxtlarda istifadəyə veriləcək. Uşaq onkologiyasının respublikada olması həm uşaqlara, həm də onların valideynlərinə mənəvi və psixoloji cəhətdən yardım göstərəcək.
Kərimli rayonlardakı onkoloji dispanserlərdə onkoloji xəstələrin müalicə olunmasına da nəzarət etdiklərini söyləyib. O bildirib ki, Milli Onkologiya Mərkəzi tərəfindən Azərbaycandakı bütün rayonlararası onkoloji dispanserlərin həftəlik iş fəaliyyəti izlənilir. Bütün onkoloji dispanserlər mərkəzə həftə ərzində qəbul etdikləri xəstələrin sayı, onları hansı diaqnozla qəbul etmələri və aparılan müalicə barədə internet vasitəsilə məlumat verirlər. Mərkəz müalicələrin düzgün aparılıb-aparılmadığına baxır və hansısa səhv olduqda onları bu barədə məlumatlandırır.
Baş onkoloq deyib ki, onkoloji xəstəliklər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə daha çox təsadüf olunur. Ümumilikdə, onkologiya sahəsində çox böyük irəliləyişlər olsa da, xərçəngin əmələgəlmə səbəbi hələ də dəqiq bilinmir.
Kərimli onkoloji xəstələrin uzunömürlü ola bilməsini də mümkün sayıb. Onun sözlərinə görə, onkoloji xəstəliyi olan insanlarda qısa müddət ərzində dünyasını dəyişə biləcəyi qorxusu olur. Amma insanlar öz səhhətlərinə laqeyd qalmayıb vaxtında əməliyyat olunsalar, əməliyyatdan sonra müalicələrini davam etdirsələr və mütəmadi olaraq, həkim nəzarəti altında olsalar, uzunömürlü ola bilərlər.
Hər il 4 fevral bütün dünyada Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada xərçəng xəstəliyindən hər il 7 milyondan artıq insan həyatını itirir. Hazırda dünyada bu diaqnozla 20 milyon insan yaşayır. ÜST-nin proqnozlarına görə, 2030-cu ildə onkoloji xəstələrin sayı iki dəfə artacaq.