...

Azərbaycan hökumətinə gənc müəllimlərin güzəştlərinin daimi saxlanması təklif edilib

Cəmiyyət Materials 24 Fevral 2012 14:10 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ucqar kənd məktəblərindəki gənc pedaqoji kadrlara tətbiq olunan güzəştlərin daimi olaraq saxlanması təklifi ilə hökumətə müraciət edib.
Azərbaycan hökumətinə gənc müəllimlərin güzəştlərinin daimi saxlanması təklif edilib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ucqar kənd məktəblərindəki gənc pedaqoji kadrlara tətbiq olunan güzəştlərin daimi olaraq saxlanması təklifi ilə hökumətə müraciət edib. Bunu cümə günü Trend-ə Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" 14 aprel 2010-cu il tarixli, 67 nömrəli Qərarına əsasən, kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda 40 manat məbləğində kompensasiya verilməsi, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə kömək göstərilməsi nəzərdə tutulur.

Rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan müəllimlərin aylıq əməkhaqqına 3 il müddətində ayda 70 manat əlavə edilməli, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım ödənilməlidir.

"Bu şans onlara 3 il üçün verilir, 3 ildən sonra isə bu güzəştlərin hamısı kəsilir. Onlar da geri qayıtmağa, işdən çıxmağa məcbur olurlar. Bu da işin keyfiyyətinə mənfi təsir edir. Buna görə də biz güzəştlərin daimi saxlanılmasını istəmişik", - Pirməmmədov bildirib.

O əlavə edib ki, hələ iki il əvvəl ucqar yaşayış məntəqələrindəki məktəblərə göndərilən gənc mütəxəssislərin təyinat müddətinin (3 il) hərbi xidmətə bərabər tutulması təklifini qaldırıblar.

Nazirlik rəsmisi hesab edir ki, bu, ucqar kənd məktəblərinə işləməyə gedən gənc müəllimlərin orada daimi qalaraq fəaliyyət göstərməsi üçün təklif olunan yollardan biri idi.

"Açığı, biz bunu istəyirik. Sovet vaxtında belə bir məsələ var idi. O zamanlar kənd məktəblərinə təyinatla gedən adamlar 30 yaşına qədər orada qalıb işləyirdisə, o, hərbi qulluqdan azad olunurdu. O vaxt bizim buraxılışda elə uşaqlar çox olmuşdu. Sonra bu rəsmi olaraq dayandırıldı", - Pirməmmədov bildirib.

Onun sözlərinə görə, bu məsələ sonralar "Hərbi çağırış haqqında" qanunda da nəzərə alınmadı. Hərbi Komissarlıq da sonuncu təklifə müsbət rəy verməyib.

Xəbər lenti

Xəbər lenti