...

Azərbaycanda uşaqlar pnevmoniyaya qarşı peyvənd olunacaqlar

Cəmiyyət Materials 9 Mart 2012 12:50 (UTC +04:00)
Yaxın zamanlarda Azərbaycanda uşaqların pnevmoniya xəstəliyinə qarşı da peyvənd edilməsi nəzərdə tutulur.
Azərbaycanda uşaqlar pnevmoniyaya qarşı peyvənd olunacaqlar

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir İ.İsabalayeva/

Yaxın zamanlarda Azərbaycanda uşaqların pnevmoniya xəstəliyinə qarşı da peyvənd edilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklər səbəbindən əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların müasir təqvim əsasında vaxtında peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda uşaqların yoluxucu xəstəlikdən qorunması üçün inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, 10 xəstəliyə qarşı peyvənd edilir. Bu ildən etibarən körpələr daha bir qorxulu infeksiyaya - Hemofilus B infeksiyasına qarşı planlı peyvəndə cəlb olunublar.

Nazir müavini qeyd edib ki, Azərbaycanda müstəqilliyin ilk illərində uşaqlar cəmi 5 yoluxucu xəstəliyə qarşı peyvənd edilirdi.

"Respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq neçə illərdir ki, bu xəstəlikdən azad diyara çevrilib. 2011-ci ildə difteriya, qızılca xəstəlikləri qeydə alınmayıb, epidemik parotit xəstəliyi 27 faiz azalıb, kəskin bağırsaq infeksiyalarında alovlanma qeyd olunmayıb. Malyariya xəstəliyi praktiki ləğv olunma səviyyəsindədir", - Ağayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti