...

Litvada Novruz bayramı qeyd olunub (FOTO)

Cəmiyyət Materials 20 Mart 2012 11:45 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfirliyi Litva Seyminin deputatları, ölkənin ictimai-siyasi xadimləri, sənətçiləri, diplomatik korpusun nümayəndələri, Vilnüsdən başqa Kaunas, Klaypeda, Şyaulyay şəhərlərində yaşayan azərbaycanlılarla birlikdə Novruz bayramını təntənə ilə qeyd edib.
Litvada Novruz bayramı qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Litvadakı səfirliyi Litva Seyminin deputatları, ölkənin ictimai-siyasi xadimləri, sənətçiləri, diplomatik korpusun nümayəndələri, Vilnüsdən başqa Kaunas, Klaypeda, Şyaulyay şəhərlərində yaşayan azərbaycanlılarla birlikdə Novruz bayramını təntənə ilə qeyd edib. Bu barədə Trend-ə çərşənbə axşamı səfirlikdən bildiriblər.

Səməni, xonça, buta və digər Novruz ab-havasında xüsusi zövqlə bəzədilmiş zalda Azərbaycan təbiətini, tarixi memarlığını əks etdirən fotoplakatlar ver alıb. Milli geyimlərdə qız və oğlanlar qonaqları qarşılayıblar.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə tədbirdə çıxış edərək, qonaqları və həmvətənlərimizi Novruz bayramı münasibətilə təbrik edib, xalqımızın ən sevimli bayramının Azərbaycanda böyük coşqu ilə qeyd edilməsindən danışıb. Səfir Azərbaycan dövlətinin rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığını, BMT miqyasında təntənə ilə keçirildiyini qeyd edib.

Litva Seyminin Xarici işlər komitəsinin sədri Emanuelis Zingeris tədbirdə Azərbaycanın son illər qazandığı uğurlardan sevindiklərini bildirib, Novruzun Azərbaycan xalqına ruzi-bərəkət, əmin-amanlıq gətirməsini diləyib.

Litva Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Egidiyus Vareikis çıxış edərək, Azərbaycanın dostu olan Litvada Novruzun bayram əhval-ruhiyyəsində keçirilməsindən duyduğu məmnuniyyəti dilə gətirib, Novruz bayramı münasibətilə xoş arzularını çatdırıb.

Qonaqların da yaxından iştirakı ilə yumurta döyüşdürmə, falabaxma, papaqatma kimi Novruz atributlarını özündə əks etdirən səhnəciklər göstərilib, adət-ənənələrimiz təsviri şəkildə nümayiş etdirilib. Azərbaycanlı uşaqlar Novruza həsr olunmuş şeirlər deyiblər. Litvada təhsil alan tələbələrin rəqslərinə Seymin üzvləri, Azərbaycan diplomatları, soydaşlarımız, eləcə də litvalı qonaqlar böyük həvəslə qoşulublar.

Tədbir iştirakçıları Azərbaycanın zəngin mətbəxinin nümunələrindən olan dolma və plov çeşidlərinin, şəkərbura, paxlava, qoğal və digər bayram nemətlərinin dadına baxıblar.

Xəbər lenti

Xəbər lenti