...

Misir Mərdanov: Azərbaycanın dərsliklərində Ermənistana və ermənilərə dost münasibətin təbliği mümkün deyil

Cəmiyyət Materials 2 Aprel 2012 17:42 (UTC +04:00)
Azərbaycanın təhsil ocaqlarında və dərsliklərində Ermənistana və ermənilərə dost münasibətin təbliği mümkün deyil.
Misir Mərdanov: Azərbaycanın dərsliklərində Ermənistana və ermənilərə dost münasibətin təbliği mümkün deyil

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil ocaqlarında və dərsliklərində Ermənistana və ermənilərə dost münasibətin təbliği mümkün deyil. Trend-in məlumatına görə, Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyası çərçivəsində sözügedən qurumun Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iclasında təhsil naziri Misir Mərdanov erməni deputatın sualına cavab olaraq bildirib.

"Təsəvvür edin ki, Qarabağ münaqişəsi nəticəsində 1 ailə tamamilə məhv olub və onun cəmi 1 üzvü qalıb. O, necə Ermənistana və ermənilərə dost münasibət göstərsin?" - Mərdanov deyib.

Mərdanovun sözlərinə görə, cəmiyyətlərimiz arasında çox ciddi uçurum var.

"Mən bilmirəm, sizin kitablarda nə yazılır, həmçinin siz də bilmirsiniz ki, bizim kitablarda nə yazılıb. Odur ki, bu məsələyə bir günün içində və ya bir tədbir çərçivəsində çətin ki cavab tapmaq mümkün olsun. Bu cür məsələlər mütəxəssislər arasında çox ciddi araşdırmalar tələb edir", - Mərdanov deyib.

Qeyd edək ki, Ermənistan nümayəndə heyətinin üzvü A.Safaryan təhsil naziri Misir Mərdanovun iştirakından istifadə edərək ona sualla müraciət edib. Sualında qeyd edib ki, Azərbaycan məktəblərində və dərsliklərində ermənilərə düşmənçilik, nifrət hissləri təbliğ olunurmu?

Xəbər lenti

Xəbər lenti