...

Azərbaycanda ilk dəfə olaraq insanların musiqi və rəsm terapiyası ilə müalicəsinə başlanılıb

Cəmiyyət Materials 5 Aprel 2012 15:38 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq, art-terapiya vasitəsilə insanların müalicəsinə başlanılıb.
Azərbaycanda ilk dəfə olaraq insanların musiqi və rəsm terapiyası ilə müalicəsinə başlanılıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq, art-terapiya vasitəsilə insanların müalicəsinə başlanılıb. Bunu Trend-ə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Zəfər Əliyev deyib.

Onun sözlərinə görə, art-terapiyanın məqsədi istənilən incəsənət növləri ilə insanların psixikasına müəyyən qədər təsir göstərməklə onları müalicə etməkdir. Art-terapiya psixi pozuntusu olan xəstələrin müalicəsində istifadə edilir. Art-terapiyanın müxtəlif növləri var.

Art-terapiyanın növlərindən olan izo-terapiya zamanı xəstələr rəngli qələmlər, pastellər, yağlı, sulu boya ilə rəsmlər çəkirlər. Biblo-terapiya zamanı kitablar oxunur və səhnələşdirilir. Musiqi terapiyası zamanı insanlar musiqi sədaları altında öz hisslərini ifadə edir, özləri musiqi alətlərində çalır, rəqs terapiyası zamanı musiqi sədaları altında rəqs edirlər.

Artıq mərkəzdə izo və musiqi terapiyasının tətbiqinə başlanılıb. Yaxın günlərdə qum terapiyasının da tətbiqinə başlanacaq. Qum terapiyası zamanı yaşından asılı olmayaraq, insanlar sterilizə olunmuş qum içində oyuncaqlarla oynayacaqlar.

Art-terapiyanın çox effektli olduğunu deyən Əliyev bildirib ki, yüngül psixi pozuntusu olan, depressiyaya düşən, stress keçirən insanlar dərmanlardan istifadə etmədən art-terapiya vasitəsilə müalicə oluna biləcəklər. Amma ciddi psixi pozuntusu olan insanların müalicəsi zamanı art-terapiya zamanı dərmanlardan da istifadə ediləcək.

Art-terapiyanın müddəti xəstənin mövcud psixoloji, sinir sisteminin vəziyyəti, xarakteri və problemin ciddiliyindən asılı olaraq müəyyən edilir. Bu terapiya 1, 10, 30 seans da təyin edilə bilər.

Əliyev aprelin 15-dən sonra mərkəzin tam fəaliyyətə başlayacağını da söyləyib.

Qeyd edək ki, Psixi Sağlamlıq Mərkəzində xəstələrə daha çox ambulator şəkildə yardım göstəriləcək. Eyni zamanda, burada müraciət edənlərə müxtəlif formada psixoloji yardımlar göstəriləcək, xəstələrin reabilitasiyası aparılacaq. Mərkəzə yalnız ciddi psixi pozuntuları olan şəxslər deyil, stress keçirən və ya psixoloji durumu gərgin olan şəxslər də müraciət edə bilərlər. Burada elmi tədqiqat işlərinin aparılması və həkimlərin ixtisasının artırılması da mümkün olacaq.

Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan Bakı şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin bazasında yeni yaradılan Psixi Sağlamlıq Mərkəzində xəstələrə daha çox ambulator şəkildə yardım göstəriləcək, müraciət edənlərə müxtəlif formada psixoloji yardımlar göstəriləcək, xəstələrin reabilitasiyası aparılacaq.

Xəbər lenti

Xəbər lenti