...

Nazir müavini: Yeni qadağa dərman şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaq üçün qoyulmayıb

Cəmiyyət Materials 11 Aprel 2012 14:29 (UTC +04:00)
İyulun 1-dən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının idxalına qadağa dərman şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaq üçün qoyulmayıb.
Nazir müavini: Yeni qadağa dərman şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaq üçün qoyulmayıb

Azərbaycan, Bakı, 11 aprel / Trend müxbir İ.İsabalayeva/

İyulun 1-dən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının idxalına qadağa dərman şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaq üçün qoyulmayıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev çərşənbə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu qadağa "Reklam haqqında" və "Dərman vasitələri haqqında" qanunun tələblərinə əsasən qoyulur. Həmin qanunlarda dərman preparatlarının içlik vərəqələrinin dövlət dilində olmasının vacibliyi qeyd edilib. Bununla əlaqədar nazirlik tərəfindən dəfələrlə əczaçılıq şirkətlərinə də xəbərdarlıq olunub.

"Artıq bu yaxınlarda onlara son dəfə vaxt verilib. İyulun 1-dən sonra içlik vərəqələri Azərbaycan dilində olmayan preparatların idxalına qadağa qoyulacaq. Bizim haqqımızdır ki, içlik vərəqələrinin Azərbaycan dilində olmasını tələb edək. Çünki əhalisinin sayı 2-3 milyon olan Avropa ölkələrində də dərmanların içlik vərəqələrinin öz dillərində olması tələb edilir. Mənə elə gəlir ki, biz də bu məsələdə uğura nail olacayıq", - nazir müavini bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanın əczaçılıq bazarının 50-60 faizi Avropanın inkişaf etmiş ölkələrindən gətirilmiş dərman preparatlarının hesabına formalaşır. Amma bir çox hallarda həmin ölkələrin müəssisələri dərmanların içlik vərəqələrini Azərbaycan dilində tərtib etmək istəmirlər.

"Dünya miqyasında götürdükdə, Azərbaycanın əczaçılıq bazarı o qədər də böyük deyil. Ona görə də bu içlik vərəqələri istehsal olunduğu yerdə dərman qutularının içinə qoyulmalıdır. Bəzi dərman preparatlarının içlik vərəqələrinin Azərbaycan dilində olmamasının əsas obyektiv səbəbi budur", - Ağayev əlavə edib.

Nazir müavini Hindistan dərmanların hamısının keyfiyyətsiz olması barədə səslənən fikirlərlə də razılaşmayıb. O qeyd edib ki, Hindistanda 1000-dən artıq dərman istehsalçısı var. Onların da əksəriyyəti müasir standartlara, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verməyən dərman fabrikləridir. Lakin Hindistanda müasir tələblərə cavab verən əczaçılıq fabrikləri də var. Ağayev belə fabriklərin dərmanlarının Azərbaycan bazarında satılmasının mümkünlüyünü bildirib. O, hazırda Azərbaycanda dövlət qeydiyyatından keçən dərmanların 6 faizinin Hindistanda istehsal olunduğunu da nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti