...

Azərbaycanda 400-dən çox küçə uşağı aşkarlanıb

Cəmiyyət Materials 25 Aprel 2012 12:48 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu və “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin dəstəyi ilə respublikanın 11 şəhər və rayonunda 2011-ci ildə “Küçə uşaqlarının vəziyyətinin təhlili” layihəsinin icrası zamanı Azərbaycanda 438 küçə uşağı aşkarlayıb.
Azərbaycanda 400-dən çox küçə uşağı aşkarlanıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İsabalayeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu və "Siqma" İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin dəstəyi ilə respublikanın 11 şəhər və rayonunda 2011-ci ildə "Küçə uşaqlarının vəziyyətinin təhlili" layihəsinin icrası zamanı Azərbaycanda 438 küçə uşağı aşkarlayıb.

Trend-in məlumatına görə, həmin layihənin nəticələrini təqdim edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev bildirib ki, küçə uşaqlarının 403-ü Bakıda, 10-u Lənkəran, 5-i Xaçmaz, 5-i Sumqayıt, 2-si Gəncə, 10-u Yevlax, 3-ü Şirvanda aşkarlanıb.

Tədqiqata cçəlb edilmiş küçə uşaqlarının orta yaşı 14,4 olub. Bu uşaqların 85,6 faizini yerli ailələrdən, 3 faizini məcburi köçkün ailələrindən, 11,4 faizini digər ölkələrdən olan uşaqlar təşkil edib.

Respondentlərin 33,6 faizi tam, 50,9 faizi natamam ailədən, 10 faizi valideynsiz, 4,8 faizi tənha (heç kimi olmayan) ailələrdən olan uşaqlar olub.

Sorğu nəticəsində məlum olub ki, küçə uşaqlarının ailələrinin başçılarının 23,6 faizi fəhlə, 21,9 faizi dilənçi, 18,2 faizi xadimə, 12,2 faizi xırda ticarətçi olub.

Respondentlərin 11 nəfəri cinsi zorakılığa məruz qaldıqlarını bildiriblər.

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafa isə bildirib ki, Azərbaycan çox yüksək səviyyədə inkişaf edir və bu inkişaf tempinə görə dünyada aparıcı yerlərdən birini tutur.

"Sürətli inkişaf nəticəsində bir çox mənfi nəticələr də əldə edilir. Küçə uşaqları da bu mənfi təsirlərdən biridir. Təəssüflər olsun ki, bu məfhum bütün dünyada hələ də mövcuddur. Çox şadam ki, Azərbaycan hökuməti bu problemin həlli üçün tədbirlər görmək niyyətindədir. YUNİSEF-də buna öz dəstəyini göstərir", - Mustafa əlavə edib.

Bu layihəni Azərbaycan hökuməti ilə əməkdaşlığın bariz nümunəsi sayan YUNİSEF nümayəndəsi layihənin hesabatına istinadən bildirib ki, küçə uşaqlarının 90 faizi Bakıda yaşayır.
Küçə uşaqlarının bəzilərinin ya tam, ya da natamam olaraq ailəsi yoxdur. Bəziləri isə kasıblıqla üzləşən ailələrdəndir.

"Bu uşaqlar küçədədirlər, onların bəziləri maşın yuyur, bəziləri dilənçilik edir. Amma uşaqlar bu işləri görməli deyillər", - YUNİSEF rəsmisi bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsi küçə uşaqları ilə bağlı tövsiyələr hazırlayıb. Tövsiyələrdə küçə uşaqlarının vəziyyətinin sistematik təhlil edilməsi, bu uşaqların müdafiəsi üçün siyasətin müəyyənləşdirilməsi, tədbirlərin görülməsi, onlara səhiyyə və digər sosial xidmətlərin göstərilməsi qeyd olunur. Bu problemin həlli üçün ailələrə dəstək göstərilməsinin vacibliyi də qeyd edilib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Bəylər Abbasov bildirib ki, vəziyyət 10 il əvvəllə müqayisədə elə də acınacaqlı deyil. Amma bununla belə, tədbirlərin görülməsinə ehtiyac var.

Abbasov deyib ki, qanunvericilikdə valideynlərə qarşı sərt tədbirlər nəzərdə tutulmadığı üçün küçələrdən yığılıb ailələrə verilən uşaqlar bir müddət sonra yenidən küçə həyatına qayıdırlar.

Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva isə deyib ki, Azərbaycanda uşaqlarla bağlı qanunvericilik formalaşdırılıb. Amma müəyyən boşluqlar olduğu üçün qanunvericiliyə bəzi dəyişikliklərin edilməsinə ehtiyac var.

Sofiyeva qanunvericiliyə valideyn məsuliyyətinin artırılması ilə bağlı dəyişikliklərin edilməsini vacib sayıb.

Xəbər lenti

Xəbər lenti