Azərbaycan, Bakı, 18 may / Trend/
Milli şirniyyatlarımız "Eurovision"da tanıdılır. "Çudo Peçka" müsabiqənin keçirildiyi məkanın mətbuat zalında qurduğu guşədə şəkərbura, paxlava, badambura, şəkərşörək kimi şirniyyatları təqdim edir. Trend-in məlumatına görə, bu barədə "Çudo Peçka"nın saytında məlumat verilir.
Məşqlər başlanan gündən etibarən ölkələrin təmsilçiləri, əcnəbi və yerli jurnalistlər "Çudo Peçka"nın şirniyyat masasına qonaq edilir. Bu qonaqlıq final gününə qədər davam edəcək.
Təamlardan yeyənlər onların dadlarını çox bəyəndiklərini deyirlər. Əcnəbilər ən sevdikləri şirniyyatın adını da əzbərləyir. Kimisi şəkərbura, kimisi badambura vurğununa çevrilib. Ən çox bəyənilən isə paxlavadır.
Artıq "Çudo Peçka"nın əməkdaşları da hansı müğənninin hansı şirniyyatı xoşladığını bilirlər. Müsabiqə iştirakçısı "Çudo Peçka"nın guşəsinə yaxınlaşdığı anda artıq sevdiyi şirniyyat məhsulları onun üçün qablara yığılır və təqdim olunur.
Bəzi ölkələrin təmsilçiləri "Çudo Peçka" stendinin qarşısında xoşladıqları şirniyyatlarla foto çəkdirir. Həmin ölkələrdən İsveçrə, Rumınya, Moldova, Niderland, Ukrayna təmsilçilərinin milli şirniyyatlarımızla çəkilmiş fotolarını təqdim edirik.