...

Azərbaycanda turoperator fəaliyyəti göstərmək istəyənlərin qarşısında yeni şərt qoyulacaq

Cəmiyyət Materials 31 May 2012 14:51 (UTC +04:00)
Azərbaycanda turoperator kimi fəaliyyət göstərəcək turizm müəssisələrinə lisenziya verilərkən onlardan bank öhdəliyinin olmasının tələb ediləcəyi gözlənilir.
Azərbaycanda turoperator fəaliyyəti göstərmək istəyənlərin qarşısında yeni şərt qoyulacaq

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda turoperator kimi fəaliyyət göstərəcək turizm müəssisələrinə lisenziya verilərkən onlardan bank öhdəliyinin olmasının tələb ediləcəyi gözlənilir. Bunu cümə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, başqa ölkələrdə turoperatorlara lisenziya verilərkən onlardan ya bank, ya da sığorta öhdəliyi tələb edilir.

"Bu halda turoperator kimi fəaliyyət göstərən şirkət sığorta şirkəti tərəfindən sığortalanır. Amma Azərbaycanda turoperatorlar yaradılarkən yəqin ki, bank öhdəliyi tələb ediləcək. Bu məbləğ dövlət tərəfindən tənzimlənəcək", - Bağırov əlavə edib.

O hesab edir ki, turoperatorlar lisenziya alarkən onlardan 100 min manat məbləğində bank öhdəliyi tələb oluna bilər. Bu məbləği Azərbaycan bazarı üçün münasib sayan AzTA sədri bəzi ölkələrdə bu rəqəmin daha yüksək olduğunu da nəzərə çatdırıb.

Bağırov qeyd edib ki, turoperatorların yaranması nəticəsində turizm şirkətlərinin məsuliyyəti artacaq, turoperator müflis olduqda turistlərlə yaranan bütün problemlər bank zəmanəti əsasında həll ediləcək, turistlərin bütün xərcləri ödəniləcək.

"Bu yaxınlarda Rusiyada bir turizm şirkəti ilə bağlı belə hadisə baş vermişdi. Turistlər pulunu ödəyib xarici dövlətə səfərə gediblər. Məlum olub ki, onları göndərən şirkət müflis olub və turistləri sifariş olunan hotellərdə yerləşdirməyiblər. Amma bank təminatı olduğu üçün müəyyən məsələlər həll olunub", - Bağırov qeyd edib.

O deyib ki, hazırda fəaliyyət göstərən turizm şirkətləri müəyyən kriteriyalara cavab verdikləri halda, Mədəniyyət və Turizm Nazirliyinə turoperator lisenziyası almaq üçün müraciət edəcəklər.

Bağırovun sözlərinə görə, bu fəaliyyət növü lisenziyalaşdırılmasa da, hazırda Azərbaycanda turoperator fəaliyyəti göstərən turizm şirkətləri var. Ancaq bunlar hazırda qanunvericiliyə uyğun olaraq, turizm şirkəti adlanırlar.

Assosiasiya sədri "Turizm haqqında" qanun layihəsi qəbul olunduqdan sonra turoperator kimi fəaliyyət göstərən turizm şirkətlərinin də turoperator lisenziyası almaq üçün müraciət edəcəklərini və bundan sonra onların da rəsmi olaraq, turoperator adlanacaqlarını söyləyib.

Qeyd edək ki, Azərbaycanda yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində turoperatorların yaradılması təklif edilir. Turoperator fəaliyyəti lisenziyalaşdırılmış turizm təşkilatçısıdır. Turoperatorlar turizm məhsulunu hazırlayır. Onu turoperator özü birbaşa və ya turizm şirkəti vasitəsilə təqdim edə bilər.

Xəbər lenti

Xəbər lenti