...

Trend-in əməkdaşı hüquq sahəsi üzrə müsabiqənin qalibi olub

Cəmiyyət Materials 20 İyun 2012 14:57 (UTC +04:00)
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) jurnalistlər arasında "Məhkəmə qərarlarının icrası sahəsində aktual problemlər" mövzusunda keçirdiyi müsabiqənin nəticələri elan olunub.
Trend-in əməkdaşı hüquq sahəsi üzrə müsabiqənin qalibi olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) jurnalistlər arasında "Məhkəmə qərarlarının icrası sahəsində aktual problemlər" mövzusunda keçirdiyi müsabiqənin nəticələri elan olunub.

Trend-in məlumatına görə, müsabiqəyə rayon, şəhər məhkəmələri, apelyasiya məhkəmələri, Ali Məhkəmə, eləcə də Konstitusiya Məhkəməsi tərəfindən çıxarılan qərarların icrası sahəsində mövcud olan problemlərə, onları doğuran səbəblərə və bu problemlərin həlli yolları ilə əlaqədar məsələlərə toxunan araşdırma xarakterli məqalələr qəbul edilib.

Aprelin 10-dan mayın 20-dək olan dövrü əhatə etmiş müsabiqəyə 14 yazı təqdim olunub.

Münsiflər heyəti məqalələri müəyyən edilmiş meyarlar üzrə qiymətləndirib və yazılardan birinin mövzuya aidiyyəti olmadığı qənaətinə gəlib. Əvvəlki müsabiqələrdə olduğu kimi, münsiflər qiymətləndirməni ayrı-ayrılıqda aparıblar. Qiymətləndirmə zamanı anonimlik təmin olunub.

Ümumi nəticələrə görə, Trend-in əməkdaşı Könül Zərbalıyeva "Həyatları alimentdən asılı olan uşaqlar" adlı yazı ilə ən yüksək xal (103 xal) toplayaraq I olub.

"Üç nöqtə" qəzetinin əməkdaşı Xalid Kazımovun "Məhkəmə qərarları sonadək icra edilmir" adlı yazısı II, "Mingəçevir işıqları" qəzetinin əməkdaşı Yeganə Nəbiyeva "Aliment almağın çətinliyi" adlı yazısı ilə III yerə layiq görülüblər.

Bu, GIZ-in jurnalistlər arasında keçirdiyi sayca 16-cı müsabiqədir. Bundan əvvəlki müsabiqələr "Ədalətli məhkəmə araşdırması hüququ", "Fərdin Konstitusiya Məhkəməsinə müraciət hüququ", "Fərdin ictimai məlumatları əldə etmək hüququ", "Azərbaycanda inzibati hüquq islahatı", "Mülkiyyət hüququ", "Məhkəmə qərarlarının icrası", "Ədalət mühakiməsinə çatım", "Sosial hüquqlar", "İnformasiya azadlığı", "Ailə hüququ", "Vərəsəlik hüququ", "Azərbaycanda gender problemləri", "Təhsil hüququ" və "Azərbaycanda yeni inzibati hüquq: aktual məsələlər və perspektivlər" mövzularında olub.

Xəbər lenti

Xəbər lenti