...

IDEA-nın təşkilatçılığı ilə Beynəlxalq Gənclər Forumu keçiriləcək

Cəmiyyət Materials 30 Oktyabr 2012 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA Kampaniyası (Ətraf Mütitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır. IDEA Kampaniyasının həyata keçirdiyi böyük miqyaslı layihələr bir sıra beynəlxalq təşkilatlarının marağına səbəb olur. Bunun nəticəsində IDEA Kampaniyası beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradaraq birgə layihələrə start verir.

Trend-in məlumatına görə, IDEA Kampaniyasının həyata keçirdiyi beynəlxalq layihələrdən biri olan "Yaşıl həftə" 12-16 noyabr 2012-ci il tarixlərində UNEP-lə (BMT-nin Ətraf Mühit üzrə Proqramı) əməkdaşlıq çərçivəsində baş tutacaq. Tədbirdə yerli qonaqlarla yanaşı, xarici ölkələrdən dəvət olunmuş bir sıra beynəlxalq təşkilatların, habelə dövlət və qeyri-dövlət təşkilatı nümayəndələrinin, gənc liderlərin iştirakı nəzərdə tutulub.

12 noyabr - tədbirin birinci günü Beynəlxalq Gənclər Forumu təşkil olunacaq. Forum yerli və beynəlxalq gənclər təşkilatlarının iştirakı ilə baş tutacaq. Forumda davamlı inkişaf məsələləri, "Rio+20" sammitinin yekunu və gənclər təşkilatları arasında daimi əməkdaşlıq haqqında söz açılacaq. O cümlədən, 20-dən çox beynəlxalq iştirakçı TUNZA şəbəkəsi vasitəsilə foruma qatılacaq.

Forumun yerli və xarici qonaqları məruzələrlə çıxış edəcək və fikir mübadiləsində iştirak edəcəklər.

Beynəlxalq Gənclər Forumu gənclərin "Rio+20" sammitinin qərarlarının icrasına töhfə verəcək bəyanatın qəbul olunması və bu bəyanatın BMT Baş Assambleyasının 67-ci sessiyasının nəzərinə çatdırılması ilə yekunlaşacaq.

Tədbirin təşkilat komitəsi tərəfindən görülən hazırlıq işləri ilə ictimaiyyəti məlumatlandırmaq üçün IDEA Kampaniyasının və "Yaşıl həftə"nin "Twitter" səhifələri (@IDEAcampaign və @GreenWeekBaku) mütəmadi olaraq məlumatlarla yenilənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti