Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu gələn ilin əvvəlindən Azərbaycanın yeni tarixini yazmağa başlayacaq. Bunu Trend-ə institutun direktoru Yaqub Mahmudov deyib.
Onun sözlərinə görə, artıq bu məsələ institutun gələnilki iş planına daxil edilib. Bu məqsədlə gələn ilin əvvəlində redaksiya və müəlliflər heyəti təsdiq olunacaq. Daha sonra isə Azərbaycanın yeni tarixinin yazılmasına başlanılacaq.
Mahmudov deyib ki, artıq üçcildlik Azərbaycan tarixinin yazılması barədə institutun Elmi Şurasının qərarı var. Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun ayırdığı qrant hesabına bu məqsədlə konsepsiya hazırlanıb və müzakirədən keçib.
"Müstəqillik illərində bizim əsl tariximiz ortalığa qoyulmalıdır. Biz 3 cildlik, müstəqillik dövrünün tələblərinə uyğun və keçmişin bütün saxtakarlığını rədd edən Azərbaycan tarixini yaradacağıq. Azərbaycanın yeni tarixini yenidən yazacayıq", - Mahmudov deyib.
Azərbaycanın tarixinin tamamilə saxtalaşdırıldığını deyən Mahmudov bildirib ki, artıq işin əsas hissəsi görülüb. İnstitut Sankt-Peterbuq, Moskva, İstanbul, Ankara, London, Berlin və Dehlidən ölkəmizə çox qiymətli sənədlər gətirərək onları toplayır.