Azərbaycan, Bakı, 21 noyabr /Trend/
Ekoloji maariflənmə və məlumatlandırmanı daima fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq rəhbər tutan IDEA Kampaniyası növbəti beynəlxalq səviyyəli addımını atıb.
Belə ki, cari ilin 21-23 noyabr tarixlərində "Baku Expo" mərkəzində baş tutan Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri ekologiya sərgisi olan ətraf mühitin mühafizəsi üzrə 3-cü Beynəlxalq "Xəzər: Ətraf mühit üçün texnologiyalar" ("CTE-2012") sərgisində IDEA Kampaniyası stendini nümayiş etdirir.
Kampaniyadan Trend-ə verilən məlumata görə, sərginin əsas məqsədi Azərbaycanda həyata keçirilən ekoloji layihələrə beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb etmək, ekoloji sahədə fəaliyyət göstərən istər yerli, istərsə də beynəlxalq təşkilatları bir araya toplayıb təbiətə dost əməkdaşlığın yaranmasına nail olmaqdır.
Sərgilənmiş stenddə IDEA Kampaniyasının həyata keçirdiyi layihələr haqqında hesabat əks etdirən müxtəlif nəşrlərlə yanaşı, digər vəsaitlər də gələn qonaqlara paylanacaq. Bununla yanaşı, qonaqlar sərgi keçirilən müddətdə stendi təqdim edən IDEA Kampaniyasının nümayəndələri tərəfindən daha ətraflı məlumat ala bilərlər.
Qeyd edək ki, IDEA Kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.