Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Gürcüstan vətəndaşlarının on ziyalıdan ibarət nümayəndə heyətini qəbul edib.
Trend Dövlət Miqrasiya Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı ziyalılar Gürcüstan vətəndaşlarının Azərbaycan ərazisində qarşılaşdıqları problemlər barədə məlumat verib və qanunvericilik çərçivəsində onlara müəyyən güzəştlərin edilməsini xahiş ediblər.
Nümayəndələr diqqətlə dinlənildikdən sonra Xidmətin rəhbər heyəti Azərbaycanın qanunvericiliyi ilə müəyyən edilmiş ölkədə olma və yaşama qaydalarının tələblərini nümayəndələrin nəzərinə çatdıraraq qeyd edib ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının 1996-cı il 4 aprel tarixli 55-IQ nömrəli Qanununun 6-cı maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış yerinə gəldiyi vaxtdan 3 iş günü ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin yerli qurumlarına müraciət edərək öz pasportunu, giriş icazəsini, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi və ya yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim etməlidirlər.
Yaşayış yeri üzrə qeydiyyata alınan əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə qeydiyyata alınma haqqında vəsiqə verilir.
Həmçinin nəzərə çatdırılıb ki, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının 1994-cü il 14 iyun tarixli 813 nömrəli Qanununun 12-ci maddəsinin beşinci hissəsinə əsasən, viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddəti 90 gündən artıq ola bilməz.
Qeyd olunub ki, bu müddət bitdikdən sonra Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara Azərbaycanda müvəqqəti yaşamağa icazə verilməmişdirsə və ya belə icazə verilməsi üçün onlardan ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan tərk etməlidirlər. Əks halda, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələblərinə uyğun olaraq, Azərbaycanda olma və yaşama qaydalarını pozan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilirlər.
Görüşdə ziyalıları maraqlandıran digər məsələlərə də aydınlıq gətirilib.
Sonda Gürcüstan vətəndaşları olan azərbaycanlılar tərəfindən hazırlanmış müraciət Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təqdim edilib və səmimi qəbula görə minnətdarlıq ifadə olunub.