Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir E.Mehdiyev/
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə əlaqədar olaraq, gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2012-ci il sentyabrın 11-dən oktyabrın 11-dək Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqəyə 80 təşkilat layihə təqdim edib.
8 təşkilat gənclər təşkilatı olmadığı üçün onların layihələrinə baxılmayıb. 72 gənclər təşkilatının layihələri təhlil edildikdən sonra 52 layihənin maliyyələşdirilməsinə qərar verilib.
Ümumilikdə 52 gənclər təşkilatının layihəsinə 965 940 manat məbləğində maliyyə vəsaiti ayrılıb. Bu layihələrin icrası 2013-cü ilin yanvar ayından başlayacaq.