Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Gənc Alimlər Şurası Bakının orta məktəb şagirdləri arasında "Dünya gələcək geoloqların gözü ilə" mövzusunda olimpiada təşkil edir.
İnstitutdan çərşənbə günü Trend-ə verilən məlumata görə, məqsəd məktəblilərin gələcəkdə təhsil sahəsi seçimində Yer elmlərinə maraq göstərmələrini stimullaşdırmaqdır. Olimpiada 8-11-ci sinif şagirdləri arasında keçirilir.
Olimpiadanın birinci mərhələsində institutun alimləri məktəbliləri geologiya elmi, o cümlədən vulkan, zəlzələ, sürüşmə, neft, qaz və yeraltı sulara dair bilgilərlə tanış edəcəklər. İkinci mərhələdə şagirdlər Yer elmlərinin müxtəlif istiqamətlərində yazılı məruzələr hazırlamalı və münsiflər heyətinə təqdim etməlidirlər. Münsiflər heyətinə Geologiya İnstitutunun alimləri və məktəb müəllimləri daxildir.
Olimpiadanın ikinci mərhələsi fevralın 1-də başlayacaq. Həmin tarixdən şagirdlər Yer elmlərinin müxtəlif istiqamətlərində yazılı məruzələr hazırlamalı və fevralın 20-nə qədər münsiflər heyətinə təqdim etməlidirlər. Təqdim olunan işlərin qiymətləndirilməsi martın 2-də başa çatacaq.
Üçüncü mərhələdə - martın 5-də münsiflər heyəti qalibləri müəyyənləşdirəcək. Qaliblərin işləri diplom, sertifikat və həvəsləndirici mükafatlarla qiymətləndiriləcək.