Azərbaycan, Bakı, 18 yanvar /Trend/
IDEA Kampaniyası 2013-cü il - yeni fəaliyyət dövründə də beynəlxalq müstəvidə daha bir qlobal ekoloji hərəkatla əməkdaşlığa başlayır.
350.org kampaniyası (http://www.350.org)188 ölkədə fəaliyyət göstərir və əsas məqsədi planetimizin əsas ekoloji problem olan iqlim böhranı problemini həll etmək üçün insanları qlobal hərəkatda birləşdirməkdir. Hərəkat qlobal ekoloji problem ilə mübarizədə minlərlə könüllülər tərəfindən insanları aktiv fəaliyyətə cəlb etmək üçün onlayn kampaniyalar, fəal təşkilatlanma və kütləvi ekoloji aksiyaların təşkili ilə məşğuldur.
Qlobal istiləşmə probleminin IDEA kampaniyasının fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq, 350.org kampaniyası ilə Qlobal Enerji Dəyişikliyi (GPS - Global Power Shift, www.globalpowershift.org) layihəsi çərçivəsində səylərin birləşdirilməsi və əməkdaşlıq razılaşdırılıb.
Qlobal Enerji Dəyişikliyi layihəsi 2013-cü ilin iyun ayının 10-17-də İstanbul şəhərində sammitin keçirilməsi ilə başlayacaq. Sammit, əsasən, təcrübələrin bölüşməsi, şəxsi əlaqələrin və cəmiyyətlərin inkişafı, habelə onların öz ölkələrində oxşar sammitlərin təşkili üçün böyük şans olacaq. Növbəti aylarda ardıcıl olaraq milli və regional sammitlərin təşkili nəzərdə tutulur. Yerli Enerji Dəyişikliyi layihələrinin icrası gənclərin öz ölkələrində əhalinin iqlim dəyişikliyi reallıqları və onların həlli yolları haqqında maarifləndirilməsi istiqamətində səfərbərliyi üçün böyük töhfəsi olacaq. Keçiriləcək yerli layihələr, həmçinin digər layihələrin və kampaniyaların icrası üçün, habelə 2014 və 2015-ci illər üçün kütləvi qlobal aksiyaların keçirilməsi ilə nəticələnəcək.
Qlobal Enerji Dəyişikliyi layihəsində Azərbaycandan tərəfindən IDEA nümayəndələrinin və digər fəal ekoloji vətəndaşların iştirakı da gözlənilir.
Qeyd edək ki, 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası 2011-ci ildən bu günə qədər bir çox nüfuzlu beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq etməklə yanaşı, qlobal ekoloji şəbəkənin yaradılmasına öz töhfəsini verməkdədir.