...

Azərbaycanda QHT-lərin qeydiyyat proseduru sadələşdirilə bilər

Cəmiyyət Materials 25 Yanvar 2013 14:43 (UTC +04:00)
Azərbaycanda QHT-lərin maliyyə hesabatları ilə bağlı prosedur sadələşdirilməlidir.
Azərbaycanda QHT-lərin qeydiyyat proseduru sadələşdirilə bilər

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda QHT-lərin maliyyə hesabatları ilə bağlı prosedur sadələşdirilməlidir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.

"Biz Maliyyə Nazirliyinə bir neçə təklif ünvanlamışıq. Birinci təklif budur ki, maliyyə hesabatı formaları sadələşdirilsin. İkincisi, ümumiyyətlə illik maliyyə dövriyyəsi 10 min manatadək olan QHT-lər maliyyə hesabatı verməkdən azad olunsun, çünki bu, çox kiçik rəqəmdir və buna görə bu qədər sənədlərin təqdim olunmasına ehtiyac yoxdur. Bundan əlavə, maliyyə hesabatlarının təqdim olunması zamanı QHT-lərin illik maliyyə dövriyyəsinə görə təsnifatlandırılması, eləcə də hesabatların elektron qaydada verilməsinə dair təkliflər vermişik. Bütövlükdə Maliyyə Nazirlyinin bununla bağlı mövqeyi müsbətdir. Bununla bağlı yaxın aylarda rəsmi qərar olacaq", - Quliyev bildirib.

QHT-lərin qeydiyyat məsələsi ilə bağlı yaranan problemlərə toxunan Şura sədri deyib ki, bununla bağlı onlara da müraciət daxil olur.

"Bəzi müraciətlər araşdırılan zaman bəlli olur ki, sənədlər qaydasında deyil, qanunvericiliyə əsasən təqdim edilmiş sənədlər mövcud standartlara və şərtlərə cavab vermir. Bəzən qeydiyyatın gecikməsi ilə bağlı müəyyən problemlər də ortaya çıxır. Bunun həlli üçün müvafiq qurumlar öz fəaliyyətlərini təkmilləşdirməlidirlər. Əgər problemlər varsa, onu aradan qaldırmalıdırlar", - Şura sədri deyib.

Şuranın mövqeyinə gəldikdə Quliyev hesab edir ki, mövcud qeydiyyat rejiminə yenidən baxmaq olar.

"Qeydiyyat üçün nəzərdə tutulmuş müddətin azaldılması məsələsinə baxmaq, qeydiyyatı bir az da sadələşdirmək olar. Eyni zamanda qeydiyyatı təkcə Bakı şəhərində deyil, Ədliyyə Nazirliyinin regionlarında olan bölmələri vasitəsilə də həyata keçirmək olar. Çünki insanlar bölgələrdən Bakıya gələrkən vaxt və əlavə xərclər sərf etməli olurlar. Məncə buna ehtiyac yoxdur və Ədliyyə Nazirliyinin yerli bölmələri vasitəsilə də QHT-lərin qeydiyyatı məsələsinə baxmaq və onu həll etmək olar", - Quliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti