Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri Avstriyanın paytaxtı Vyanada təşkil olunan Avropa Yer Elmləri Cəmiyyətinin illik ümumi iclasında iştirak edəcəklər.
İnstitutdan cümə günü Trend-ə verilən məlumata görə, aprelin 7-dən 12-nə qədər keçiriləcək tədbirdə institutun şöbə müdiri, geologiya-mineralogiya elmlər doktoru Tələt Kəngərli və gənc elmi işçi Fuad Əliyevin çıxışı nəzərdə tutulur. Əllidən çox ölkənin qatılacağı toplantıda 10 mindən çox alimin iştirakı gözlənilir.
İclasda yer elmlərini əhatə edən 20-dən çox bölmədə məruzələr dinləniləcək. Geologiya İnstitutunun alimlərinin məruzələri tektonika və struktur geologiya bölməsində təqdim ediləcək. "Böyük Qafqazın Azərbaycan hissəsinin akkresiya prizmasının tektonik təbəqələnməsi və seysmikliyi" adlı məruzə Geologiya İnstitutunun müvafiq istiqamətdə apardığı tədqiqatların nəticələrini əhatə edəcək.
Tədbir çərçivəsində Geologiya İnstitutunun adıçəkilən alimlərinin beynəlxalq cəmiyyətə üzv olması da nəzərdə tutulur.