Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/
"Xəzri"də beynəlxalq konfrans keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, aprelin 21-23-də nazirliyin "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyası tərəfindən "Ətraf mühitin dəyişməsi və bitki müxtəlifliyinin qorunması" adlı beynəlxalq elmi konfrans keçirilib.
Konfransda ABŞ, Almaniya, İngiltərə, Yeni Zelandiya, Finlandiya, Hindistan, Türkiyə, Gürcüstan, İsveçrə, Macarıstan, İtaliya və Rusiyadan olan 30-dan çox tanınmış alim məruzələrlə çıxış edib.
Konfrans Azərbaycanda zəngin biomüxtəlifliyin qorunması üçün böyük əhəmiyyət kəsb edib və ilk dəfə olaraq iki müxtəlif istiqamət birlikdə - ətraf mühitin dəyişməsi və bitki mühafizəsi geniş aspektlərlə müzakirəyə çıxarılıb. Konfransda çirklənmiş ərazilərdə yayılan bitkilərin monitorinqi və qiymətləndirilməsi, ətraf mühitin stress şəraitində real vəziyyətinin qiymətləndirilməsi, təhlükə altında olan endem/relikt növlərin qorunması strategiyasının elmi əsaslarının araşdırılması, çirklənmiş ərazilərin təmizlənməsi və bərpası üçün bioloji yanaşmaların işlənib hazırlanması kimi sahələrdə ən son kəşflər müzakirə olunub, sahələrarası əməkdaşlığın möhkəmləndirilməsi məsələləri ilə bağlı tövsiyə və təkliflər verilib.
Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Aslanov, Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev və digər alimlər iştirak ediblər.