...

Dövlət Proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələrin çoxu Türkiyədə oxuyur

Cəmiyyət Materials 3 İyun 2013 09:42 (UTC +04:00)
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ən çox tələbə hazırda Türkiyədə təhsil alır.
Dövlət Proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələrin çoxu Türkiyədə oxuyur

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ən çox tələbə hazırda Türkiyədə təhsil alır.

Trend-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2012/2013-cü tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 26 ölkədə 1170 nəfər tələbə təhsil alıb.

Onlardan 306-sı Türkiyə, 278-i Almaniya, 200-ü Böyük Britaniya, 126-sı Kanada, 46-sı Rusiya, 39-u İsveçrə, 35-i Fransa, 24-ü Cənubi Koreya, 18-i Niderland Krallığı, 17-si Avstraliya, 10-u Avstriya, 7-si Litva və İtaliya, 6-sı Çexiya, 5-i İsveç və İspaniya, 4-ü İrlandiya, 3-ü Malayziya və Finlandiya, 2-si Norveç, Yaponiya, Estoniya, Yeni Zelandiya, Sinqapur və Belçikanın hər birində isə 1 nəfər təhsilini davam etdirib.

Hökumətlərarası müqavilələr çərçivəsində 6 ölkədə 712 nəfər azərbaycanlı tələbə təhsil alır. Bunlardan 442 nəfər Türkiyə, 239 nəfər Rusiya, 26 nəfər Çin, 3 nəfər Misir, Çexiya və Slovakiyanın hər birində isə 1 nəfər təhsilini davam etdirir.

Bu günədək "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 1825 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Hazırda Dövlət Proqramı çərçivəsində təhsilini müvəffəqiyyətlə bitirən məzunların sayı 478 nəfərdir.

Dövlət hesabına xaricdə təhsil alan gənclərimizdən xarici ölkələrdə qalıb təhsilini növbəti səviyyələr üzrə davam etdirən və ya nüfuzlu beynəlxalq təşkilat, şirkətlərdə aparıcı mövqelərdə çalışanlar var.

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə nazirlik arasında imzalanan müqaviləyə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.11.2008-ci il tarixli, 261 saylı qərarı ilə təsdiqlənmiş) uyğun olaraq həmin gənclər məzun olduqdan sonra vətənə qayıtmalı və Azərbaycanda özəl və ya dövlət sektorunda 5 il müddətinə çalışmalıdırlar.

İndiyədək məzun olmuş azərbaycanlıların 342-i təhsillərini başa vurduqdan sonra Azərbaycana geri qayıdıb, 118-i isə qayıtmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti