Azərbaycan, Bakı, 14 iyun /Trend/
Son illər informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq, gənclər asudə vaxtlarını internetdə müxtəlif faydalı işlərə sərf edirlər. Bunu nəzərə alaraq, Azərbaycanın internet məkanında IDEA Kampaniyası ətraf mühit məsələləri haqqında ictimaiyyəti məlumatlandırmaq, bu ekoloji problemlərlə mübarizə üsullarına yeni bir yanaşmanın təbliği kimi gənclərimizi ekoloji mövzularda müxtəlif bloqlar, məqalələr yazmağa həvəsləndirmək məqsədilə yeni bir layihəyə start verir.
IDEA-dan Trend-ə verilən məlumata görə, layihə gənclərin istər lokal, istərsə də qlobal olaraq ətraf mühitə mənfi təsirlər haqqında məlumatlılıq səviyyəsini artırmaq, habelə bu mənfi təsirlərin aradan qaldırılmasında ictimaiyyətin mövqeyini gücləndirmək məqsədilə ekoloji mövzuda bloq yazmaq vərdişlərinə yiyələnmək istəyənlər üçün "Yaşıl Bloqerlik" təlimlərinin keçirilməsini nəzərdə tutur.
"Yaşıl Bloqerlik" layihəsi Azərbaycanda ilk dəfə olaraq gənclər üçün planetin ekoloji tarazlığının qorunub saxlanılmasına dair yeni ideyalarını və gələcəyə baxışını ifadə etmək üçün yeni bir fürsətdir. Layihənin həyata keçirliməsi, eyni zamanda, dünyada mövcud ekoloji problemlərin həlli istiqamətində gedən proseslərə gənclərin baxışını öyrənmək və bu istiqamətdə mövcud olan maneələrə gələcək nəsil nümayəndələrinin mövqeyini ictimaiyyətə çatdırmaq məqsədi daşıyır.
Təlimlərə 18-30 yaş arası, ətraf mühit sahəsinə və bloq yazmağa marağı olan, komputerdə sərbəst işləmək bacarığı olan gənclər qoşula bilərlər.
Xaricdə təhsil almış ətraf mühit mütəxəssisləri tərəfindən keçiriləcək təlimlər iyul ayının 15-dən etibarən IDEA Resurs Mərkəzində baş tutacaq.
Təlimlərdə iştirak etmək istəyən gənclər "Ətraf mühiti necə qorumalıyıq?" adlı kiçik məqalə, həmçinin öz CV-lərini iyun ayının 30-dan gec olmamaq şərtilə "Yaşıl bloqerlik təlimləri" başlığı altında [email protected] elektron poçt ünvanına göndərməlidirlər.