...

Azərbaycanda bu il ərzində korrupsiya cinayətlərinə qarşı görülən işlərə qiymət verilib (FOTO)

Cəmiyyət Materials 23 İyul 2013 10:13 (UTC +04:00)
Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 301 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 16, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb.
Azərbaycanda bu il ərzində korrupsiya cinayətlərinə qarşı görülən işlərə qiymət verilib (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.İzzət/

Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 301 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 16, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Trend-in məlumatına görə, bunu 2013-cü ilin I yarısının yekunlarına dair keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir ki, "Transparency International" təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" adlı hesabatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha təsdiq edib, sənədə əsasən ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalıb.

Onun sözlərinə görə, cari il iyulun 18-də Prezident cənab İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında beynəlxalq təşkilatlar tərəfindən ölkədə aparılan korrupsiyaya qarşı mübarizənin müsbət qiymətləndirildiyini bildirməklə yanaşı, bir daha korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə fəallığın artırılmalı və cəza, inzibati və digər tədbirlərin tətbiq edilməli olduğunu vurğulayıb, hər bir dövlət məmurunun bu istiqamətdə məsuliyyətini və rolunu artırmasını xüsusi qeyd edib.

Hesabat dövrü ərzində korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilib.

Belə ki, Azərbaycan Respublikasının Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasının Əlavə Protokoluna qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar həyata keçirilərək 1 fevral 2013-cü il tarixli qanunla Milli Məclis tərəfindən qəbul edilib, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda korrupsiya hüquqpozmalarına görə fiziki və hüquqi şəxlərin məsuliyyətini müəyyənləşdirən norma 30 aprel 2013-cü il tarixli qanunla yeni redaksiyada verilməklə daha da təkmilləşdirilib.

K.Əliyev deyib ki, həmin müddət ərzində idarə tərəfindən vətəndaşların 1.522 müraciətinə baxılıb, həmçinin 166 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 78%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə bu müddət ərzində 3.237 müraciət daxil olub, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilib qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilib. Ötən ilin analoji dövründə bu rəqəm 2624 təşkil etmişdi.

Cinayət işləri torpaq sahəsi ayrılması üçün Nurəddin və Seyfəddin Dövlətovlar tərəfindən qohumlarını cinayət məsuliyyətindən azad etmək üçün Dövlət Sərhəd Xidmətinin İstintaq və Tədqiqat İdarəsinin müstəntiqinə 35.0 min ABŞ dolları məbləğində rüşvət vermələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Oktay Quliyevin və həmin şöbənin baş mütəxəssisi Yusif Dadaşovun torpaq sahəsinin ayrılması üçün vətəndaşdan 10.0 min manat, Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Nazim Dadaşovun həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə aid sənəd verilməsi müqabilində vətəndaşdan 8.0 min manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı TSEK-in sədri İmran Məmmədovun ömürlük əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 1.500 manat məbləğində rüşvət almaları və digər faktlarla əlaqədar olub.

2013-cü ilin I yarımili ərzində idarənin İstintaq şöbəsi tərəfindən 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Həmin cinayət işlərindən 1 şəxs barəsində 1 iş rüşvət vermə, 25 şəxs barəsində 9 iş rüşvət alma, 12 şəxs barəsində 10 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 1 şəxs barəsində 1 iş vəzifə səlahiyyətlərini aşma, 4 şəxs barəsində 3 iş səhlənkarlıq, 73 şəxs barəsində 32 iş mənimsəmə və israf etmə, 79 şəxs barəsində 39 iş dələduzluq və digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 16 milyon 460.0 min manat ziyandan istintaq müddətində 7 milyon 961.0 min manat və ya 48,4 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti