...

Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini və digərlərinin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb

Cəmiyyət Materials 26 İyul 2013 17:13 (UTC +04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə "Zəngəzur" MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynov barələrində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini və digərlərinin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Apelyasiya Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə "Zəngəzur" MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynov barələrində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Trend-in məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən - Ramiz Hüseynovun vəkili Eldar İsmayılov və Rafiq Hüseynovun vəkili Rəşad Mirmehdizadə çıxış ediblər. Vəkillər apelyasiya şikayətlərini müdafiə etdiklərini, müvəkkillərinin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Məhkəmə iclası avqustun 2-də davam etdiriləcək.

Xatırladaq ki, O.Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Hüseynov 11 il, Ramiz Hüseynov 8 il, İbrahim İsgəndərov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Orxan Kərimov barəsində seçilən 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 3 il sınaq müddətinə şərti cəza ilə əvəzlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti