...

Respublika Prokurorluğu ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər görüb

Cəmiyyət Materials 2 Avqust 2013 15:52 (UTC +04:00)
Avqustun 2-də Azərbaycan Respublikası Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Respublika Prokurorluğu ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər görüb

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Avqustun 2-də Azərbaycan Respublikası Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdir ki, cari ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş, respublikamızın iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş siyasət öz müsbət nəticələrini vermişdir. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, müasir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət tədbirləri təşkil etmişdir. Dövlət başçısının iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında toxunduğu məsələləri diqqətə çatdıran Baş prokuror dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişaf etdiyini, qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icra olunduğunu, gələcəkdə iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasını təmin edəcək sahələrin artan templə inkişaf etdiyini xüsusi vurğulamışdır.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi, Dünya İqtisadi Forumuna (Davos Forumu), II Ümumdünya Mədəniyyətlərarası Dialoq Formuna və digər əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, Azərbaycanın süni peyki olan ölkələr sırasına daxil olması, həmçinin ölkədə aparılan islahatların nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişafın, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşmasının, beynəlxalq standartlara uyğun müasir dövlətin və vətəndaş cəmiyyətinin qurulması zəminində reallaşdırılan, beynəlxalq sülhün və təhlükəsizliyin saxlanmasına və möhkəmlənməsinə nail olmağa yönəlmiş xarici siyasətin nəticəsində mümkün olmuşdur.

Bildirilmişdir ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülmüşdür. 2000-ci ilin aprelindən başlayan hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilmiş, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, çatışmazlıqların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrasına istiqamətləndirilmişdir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə və keyfiyyətli icrası məqsədilə konkret tapşırıqlar verilmişdir.

"Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən Respublika Prokurorluğu üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislər cəlb edilmiş və onların iştirakı barədə qərarlar qəbul edilməklə yoxlamalar aparılmış və 2 cinayət işi başlanmışdır. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, keçirilən yoxlamaların ciddi nəzarətə götürülməklə şəffaflığın təmin edilməsi barədə əlaqədar qurumlara və tabe prokurorlara konkret tapşırıqlar verilmişdir.

Hesabat dövründə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyəti nəticəsində "İmtahan" informasiya sisteminin yaradılması və onun vasitəsilə prokurorluq əməkdaşlarının nəzəri bilik və peşə hazırlığı səviyyəsinin test üsulu ilə yoxlanılmasının əhəmiyyəti xüsusi vurğulanmış, yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və "Elektron hökumət" layihəsi çərçivəsində prokurorluq orqanlarında elektron sənəd dövriyyəsi sisteminin tam fəaliyyət göstərməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısının verdiyi tapşırıqlara müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən demokratik yolu kimi öz müsbət nəticələrini vermişdir. 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilmiş 546 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 52 faizdən çoxunu təşkil edir. Müsbət hal kimi qeyd edilmişdir ki, müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul olunmaqla fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssis vəzifədə irəli çəkilərək Baş Prokurorluğun şöbə rəisi, rayon prokuroru və digər vəzifələrə təyinatlar almışdır.

Əldə edilmiş müsbət iş göstəriciləri ilə yanaşı, məhkəmələr tərəfindən bir sıra cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar barəsində xüsusi qərarların çıxarılması hallarının mövcudluğu bu fəaliyyət istiqaməti üzrə qüsur kimi dəyərləndirilməklə, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təmini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə tapşırıqlar verilmişdir.

Diqqətə çatdırılmışdır ki, prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyəti bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmiş, Baş prokurorun müavinləri, Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində, İsmayıllı, Tərtər və Masallı rayonlarında keçirilmiş geniş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqları doğuran səbəblər hərtərəfli və prinsipial təhlil edilmişdir.

"Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində nəzarətin daha da təkmilləşdirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsində cari ilin oktyabr ayında ölkəmizin həyatında çox mühüm hadisə olan Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilməsi ilə əlaqədar digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkə ərazisində qanunçuluğa əməl olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun, xüsusilə dini ekstremizm və separatçılıq meyllərinin qarşısının alınmasına yönəldilmiş qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilmişdir.

Xüsusi qeyd edilmişdir ki, aparılmış rəy sorğularının nəticələrinə görə dövlət başçısı cənab İlham Əliyevin türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı", İslam Əməkdaşlığı Təşkilatı coğrafiyasında "İlin dövlət başçısı", Böyük Britaniyanın nüfuzlu jurnalı tərəfindən "İlin adamı" seçilməsi, ən nəhayət Prezident seçkiləri ilə bağlı ümumrespublika ictimai rəy sorğusu iştirakçılarının 81,2 faizinin seçkilərdə məhz cənab İlham Əliyevə səs verəcəkləri xalqın öz rəhbərinə göstərdiyi etimadın, inamın, məhəbbətin məntiqi nəticəsidir.

Əməliyyat müşavirəsində 2013-cü ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubovun məruzəsi dinlənilmişdir.

Müzakirələrdə çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin avtomatlaşdırılmış elektron test imtahanı üsulu ilə yoxlanılmasının nəticələri barədə, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətlə amnistiya elan edilməsi haqqında" Milli Məclisin qərarının icrası ilə əlaqədar görülən işlər, Baş prokurorun köməkçisi Günay İsmayılova bölgələr üzrə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermişlər.

Əməliyyat müşavirəsində inam ifadə olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının kollektivi müstəqil dövlətçiliyimizin maraqlarının və insan hüquqları və azadlıqlarının müdafiəsini, cinayətkarlığa qarşı yeni müstəvidə qətiyyətli mübarizə aparılmasını, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsini, prokurorluğa dövlət səviyyəsində göstərilən etimada layiq səviyyədə işin təşkili üçün səlahiyyət hədləri daxilində bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti