Azərbaycan, Bakı, 7 sentyabr /Trend/
7 sentyabr 2013-cü il tarixində hər il dünyada qeyd olunan "Beynəlxalq Təmizlik Həftəsi" ilə əlaqədar IDEA (International Dialogue for Environmental Action) kampaniyası tərəfindən Nardaran çimərliyi ərazisində təmizlik aksiyası təşkil olunub.
Kampaniyadan Trend-ə verilən məlumata görə, aksiyanın keçirilməsində əsas məqsəd çimərlik ərazilərində olan tullantıların toplanması və onların faydalı şəkildə istifadəsi üçün təkrar emala göndərilməsi, gənclərin təbiət ərazilərinin təmiz saxlanılmasına cəlb olunması ilə onların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda, dənizkənarı ərazilərdə istirahət edən insanları ətrafı zibilləməməyə, istirahət etdikdən sonra ərazini təmizləməyə çağırmaqdır.
Ümumilikdə, aksiyaya 100-dən çox gənc cəlb olunub. Aksiya zamanı iştirakçılar gigiyenik qaydalara əməl edərək, xüsusi əl geyimləri geyinib, topladıqları tullantıları qida və qeyri-qida tullantılarına ayıraraq çeşidləyiblər.
Toplanmış tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna nəql edilib və burada təkrar çeşidləmədən sonra təkrar emala yararlı materiallar ümumi kütlədən ayrılaraq təkrar emal müəssisələri üçün xammal əldə edilib.
Qeyd edək ki, IDEA kampaniyası mütamadi olaraq bu cür maarifləndirici və ekoloji cəhətdən xeyirli hesab olunan aksiyalar həyata keçirir.
Xatırladaq ki, IDEA (International Dialogue for Environmental Action) kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.