...

DQİDK sədri İranda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2013 16:52 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İranın Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
DQİDK sədri İranda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İranın Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində DQİDK sədri Qumda Azərbayandan olan tələbələrin də təhsil aldığı "Cameətül Mustafa" Universitetinin rəhbərliyi və orada təhsil alan azərbaycanlı tələbələrin bir qrupu ilə görüşüb.

Azərbaycanlı tələbələrlə açıq şəraitdə keçən görüşdə Komitə sədri əvvəlcə tələbələrin təhsili ilə maraqlanıb, onları narahat edən problemləri, suallarını, təkliflərini dinləyib. Daha sonra o bütün bu problemlərin həlli, təkliflərin həyata keçirilməsi barədə öz fikirlərini bölüşüb, tələbələri maraqlandıran suallara cavab verib. Komitə sədri bildirib ki, dini təhsil alan tələbələr Azərbaycanın bu sahədə müvafiq qanunlarını bilməlidirlər və bu prosesin milli qanunvericiliyimizə uyğun şəkildə aparılması üçün İran tərəfi ilə məsləhətləşmələr aparılır.

Həmçinin tələbələrlə əlaqələrin davamlı saxlanması, onların dini qanunvericiliklə bağlı problemlərinin həllinə yardım məqsədi ilə Komitəyə müraciət edə biləcəkləri, bununçün elektron əlaqə mexanizminin yaradılmasının zəruriliyi qeyd olunub. Azərbaycanlı tələbələr görüşə görə təşəkkürlərini bildirərək belə əlaqələrə çox ehtiyacları olduğunu qeyd ediblər.

"Cameətül Mustafa" Universitetinin rektoru ayətullah Ərafi və digər rəhbər heyətlə görüşdə DQİDK sədri dini təhsil, o cümlədən xaricdə dini təhsilin alınması haqqında Azərbaycan Respublikası qanunlarının müvafiq müddəaları barədə universitet rəhbərliyini məlumatlandırıb, İranda dini təhsil alan azərbaycanlı tələbələrin də təhsil prosedurlarının bu qanunlara uyğunlaşdırılmasının zəruriliyini qeyd edib. Belə bir addımın atılmasının, həmin tələbələrin bir çox problemlərinin həll edilməsinə də kömək edəcəyini vurğulayan Elşad İskəndərov həmin prosesin qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsini təklif edib: "Burada təhsil alan gənclər Azərbaycan vətəndaşlarıdır və onların təhsil prosesi Azərbaycan qanunlarına uyğunlaşdırılmalıdır".

Komitə sədri bu prosesin həyata keçiriləcəyi təqdirdə təhsil almış mütəxəssislərin potensialından gələcəkdə Azərbaycanda müvafiq sahələrdə istifadə edilməsinin mümkünlüyünü bildirib.

Ayətullah Ərafi öz növbəsində bu təşəbbüsü müsbət addım adlandıraraq qeyd edib ki, Qumda təhsil alan azərbaycanlı tələbələrin təhsil prosedurlarının Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması üçün hər cür əməkdaşlığa hazırdırlar:"Bizdə təhsil alan azərbaycanlı tələbələrin təhsil prosedurlarının Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması üçün hər cür əməkdaşlığa hazırıq"

Görüşün sonunda bu istiqamətdə konkret təkliflər hazırlanması məqsədilə ekspert qrupu yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti