Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
Ekoloji sahədə gənclərin maarifləndirilməsini özünün əsas hədəflərindən biri kimi müəyyənləşdirən IDEA (International Dialogue for Environmental Action) kampaniyası hər il dünyada 25 sentyabr tarixində qeyd olunan "Ümumdünya Dəniz günü" ilə əlaqədar "Dünyanın su hövzələrinin çirklənməsi konteksində şirin su ehtiyatlarının azalması" mövzusunda interaktiv seminar keçirib.
Kampaniyadan Trend-ə verilən məlumata görə, seminar Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutub. Seminarda 20-dən artıq gənc iştirak edib, şirin su problemləri və bu problemlərdən çıxış yolları haqqında fikir mübadiləsi aparıblar.
Seminarda ekspert qismində ARDNŞ-nin Ekologiya İdarəsinin rəis müavini Əflatun Həsənov iştirak edib. Mütəxəssis seminar iştirakçılarına bu problemin əhəmiyyəti və miqyası haqqında geniş məlumat verib, gəncləri bu sahədə diqqətli olmağa çağırıb.
Bundan əlavə, ekspert son illərdə ölkəmizdə və dünyada bu problemin aradan qaldırılması üçün görülən işlər haqqında gəncləri məlumatlandırıb və seminar iştirakçılarının mövzu ilə əlaqəli müxtəlif suallarını cavablandırıb.
Qeyd edək ki, IDEA kampaniyası bu cür maarifləndirici layihələri mütəmadi olaraq həyata keçirir.
Xatırladaq ki, IDEA (International Dialogue for Environmental Action) kampaniyası 2011-ci il iyul ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.