...

Vaqon bələdçiləri və sərnişin təsərrüfatı işçiləri üçün yeni dərslik buraxılıb

Cəmiyyət Materials 14 Oktyabr 2013 13:35 (UTC +04:00)
Vaqon bələdçiləri və sərnişin təsərrüfatı işçiləri üçün “Dəmir yolu nəqliyyatında sərnişin daşımaları” adlı dərs vəsaiti işıq üzü görüb.
Vaqon bələdçiləri və sərnişin təsərrüfatı işçiləri üçün yeni dərslik buraxılıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İ.İzzət/

Vaqon bələdçiləri və sərnişin təsərrüfatı işçiləri üçün "Dəmiryol nəqliyyatında sərnişin daşımaları" adlı dərs vəsaiti işıq üzü görüb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Cəmiyyətin Sərnişin daşımaları Departamentinin rəisi Elyar Muradov və həmin departamentin maliyyə şöbəsinin rəisi Cabbar Camalovun gərgin zəhməti bahasına ərsəyə gətirilən bu kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 aprel 2013-cü il tarixli 536 №-li əmri ilə dərs vəsaiti kimi təsdiq edilib.

Kitabın yazılmasında əsas məqsəd hazırda ölkənin polad magistralının idarəetmə strukturunda aparılan məqsədyönlü islahatların tərkib hissəsi kimi sərnişin təsərrüfatında da həyata vəsiqə alan yeniliklərin tətbiqi yönündə qarşıda duran vəzifələrin əhatəli şəkildə şərh edilməsidir. Belə ki, bu nəhəng nəqliyyat qurumunda aparılan struktur dəyişiklikləri ilə əlaqədar müvafiq təlimatlar və digər direktiv normativ sənədlərin yenidən işlənib hazırlanması sərnişin təsərrüfatı kimi ağır və məsul sahədə də belə sənədlərin tərtib edilməsi zərurətini ortaya qoyub. Bu dərslik də həmin zərurətdən irəli gəlib.

Bu vəsaitdə sərnişin təsərrüfatında 2013-cü ilin yanvar ayına qədər qüvvədə olan qaydalar, gediş sənədlərinin (biletlərin) və blanklarının forma və rekvizitləri, bilet təsərrüfatı haqqında təlimatlar və digər normativ sənədlər, onların tərtibat qaydası və s. barədə müfəssəl məlumat əldə etmək olar.

Ümumilikdə, sərnişin təsərrüfatında bilet kassalarının işi, qatarlarda vaqon bələdçilərinin sərnişinlərə göstərdikləri xidmət səviyyəsinin keyfiyyəti dəmiryol nəqliyyatının fəaliyyətinin aynası hesab olunur. Bu baxımdan dərs vəsaitinin ərsəyə gətirilməsində əsas məqsəd vaqon bələdçisi peşəsinə yiyələnmək istəyən gənclərə kömək etmək və sərnişin təsərrüfatında çalışanların peşə hazırlığının artırılmasına yardımçı olmaqdan ibarətdir.

Dərs vəsaiti sərnişin vaqonlarının konstruksiyaları, avadanlıqları, onlara texniki xidmət göstərilməsi və istismarı qaydaları, dəmiryol nəqliyyatında sərnişindaşımaların təşkili, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, fövqəladə hallar zamanı davranış qaydaları və bədbəxt hadisələr zamanı sərnişinlərə ilk tibbi yardım göstərilməsi metod və üsulları da geniş şərh edilib.

Giriş və 17 fəsildən ibarət olan dərslikdə sərnişin təsərrüfatının fəaliyyətinin bütün sahələri öz əksini tapıb. Bundan başqa, dərslikdə sərnişinlərə xidmətlə əlaqədar vacib sənədlərin və aktların tərtibi nümunələri də verilib.

Dərsliyin baş məsləhətçisi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Əlirza Süleymanov, məsləhətçiləri hərəkətin təhlükəsizliyi üzrə inspektor Əlövsət Nəcəfov və Bakı Vaqon Deposunun rəisi Rəhman Əbişovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti