Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
Hər il dünyada yüzlərlə insan ərzaq qıtlığından əziyyət çəkir. Bu problemin kökündə əsasən təbii resursların qeyri-səmərəli istifadəsi dayanır. Bu barədə qurumdan Trend-ə şənbə günü daxil olan məlumatda deyilir.
Müasir dövrdə dünyanın dörd bir yanını əhatə dairəsinə alan, qlobal problemlər sırasında başlıca yeri tutan və getdikcə sürətlənməkdə olan ərzaq təhlükəsizliyi probleminin həlli yollarını araşdırmaq, gənclərə təbii resurslardan düzgün istifadənin vacibliyini çatdırmaq məqsədilə IDEA (International Dialogue for Environmental Action) kampaniyası "Dünyanın ərzaq təhlükəsizliyi" mövzusunda seminar keçirmişdir. Seminar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qala kəndində yerləşən "Eko-Park" ərazisində baş tutub.
30-dan artıq gəncin iştirak etdiyi seminar SOCAR Eko-Parkın fəaliyyəti haqqında qısa məlumatla başlamış, ekspertin dünyanın ərzaq təhlükəsizliyi ilə bağlı mühazirəsi ilə davam edib.
Seminarda ekspert qismində Azərbaycan Heyvanlarının Mühafizəsi Cəmiyyətinin prezidenti Azər Qarayev iştirak etmişdir. Ekspert qeyd edib ki, günümüzün ən təhlükəli məsələlərindən olan ərzaq qıtlığını yaradan səbəblərdən biri meşə ehtiyatlarının azalmasıdır.
Tədbir gənclərin müzakirələri ilə davam etmiş və ekspert mövzu ilə bağlı onları maraqlandıran sualları cavablandırıb.
Sonda gənclər Eko-Parın daxilində yerləşən istixanada bitkilərin əkilməsi işində iştirak etmiş və Parkın külək turbinləri yerləşən hissəsi ilə yaxından tanış olublar.
Qeyd edək ki, IDEA (International Dialogue for Environmental Action) kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılıb.