...

Azərbaycanda temperatur rejiminin anomal gedişi daha çox hansı ərazidə baş verir?

Cəmiyyət Materials 24 Oktyabr 2013 12:46 (UTC +04:00)
Azərbaycanda temperatur rejiminin anomal gedişi, yəni gecə və gündüz temperaturun eyni səviyyədə olması hallarına daha çox Abşeron yarımadasında rast gəlinir.
Azərbaycanda temperatur rejiminin anomal gedişi daha çox hansı ərazidə baş verir?

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda temperatur rejiminin anomal gedişi, yəni gecə və gündüz temperaturun eyni səviyyədə olması hallarına daha çox Abşeron yarımadasında rast gəlinir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, adətən gecə ilə müqayisədə günorta hava daha isti olur. Ancaq bu gün günorta saatlarında havanın temperaturu yüksəlməyəcək. Günorta havanın temperaturu gecə və səhər temperaturuna yaxın səviyyədə olacaq: "Bu, daha çox Abşeron yarımadası üçün xas olan bir prosesdir. Bəzən küləyin güclənməsinin müşahidə edildiyi rayonlarda da bu fərqlər müşahidə edilir. Ancaq bu dəfə temperatur rejiminin anomal gedişi respublikanın dağlıq rayonlarında da müşahidə edilə bilər".

U.Tağıyeva deyib ki, temperatur rejiminin anomal gedişi daha çox ilin keçid dövrünə xas olan prosesdir. Belə hallar bəzən qışda da müşahidə edilir. Bu proses yay üçün o qədər də xarakterik deyil.

Temperatur rejiminin anomal olmasının səbəbini açıqlayan U.Tağıyeva bildirib ki, hər hansı siklon ölkə ərazisinə yaxınlaşanda onun qabaq hissəsi isti kütlə olur, bunun arxasınca isə soyuq atmosfer cəbhələri gəlir. İsti kütlələr gələndə temperatur bir qədər artır, ancaq bundan sonra çox qısa müddət ərzində ölkə ərazisində soyuq hava kütləsinin daxil olmasını gözləmək lazımdır.

U.Tağıyeva bildirib ki, adətən hava şəraitinin kəskin dəyişməsindən bir gün əvvəl xoş, mülayim hava şəraiti müşahidə edilir. Bəzi hallarda uzun müddət davam edən isti hava şəraitindən sonra kəskin, fərqli hava şəraiti ölkə ərazisinə, xüsusən də Abşeron yarımadasına daxil olanda burada şimal küləyi güclənir. Belə sinoptik şəraitdə də günorta saatlarında temperaturun qalxması üçün əlverişli vəziyyət yaranmır. Ancaq bu proses adətən uzunmüddətli olmur. Həmin prosesin baş verməsindən sonrakı gün artıq gecə və gündüz temperaturları arasındakı fərq böyüyür. Xəzriqabağı həmişə atmosfer təzyiqi də aşağı enir. Bu da cənubdan nisbətən isti hava kütlələrinin Azərbaycana daxil olmasına imkan verir: "Bununla da cənub istiqamətli hava kütlələri burada hökm sürür. Növbəti soyuq dalğa gələndə onlar həmin isti hava kütləsi ilə toqquşur və hava şəraiti kəskin dəyişir. Yəni atmosfer təzyiqinin kəskin tərəddüdü baş verir, meteohəssas insanlar üçün də daha çox bu faktor əlverişsiz olur".

Gecə və gündüz eyni səviyyədə temperaturun müşahidə olunmasının insan səhhətinə hansı formada təsir göstərdiyinə gəldikdə, U.Tağıyevanın sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin hidrometeoroloqlarla birgə apardığı elmi qiymətləndirmə zamanı məlum olub ki, Abşeronda xəzri qabağı - küləyin güclənməsinə qədər olan dövrdə adətən atmosfer təzyiqi böyük sürətlə aşağı enir. Sonra isə növbəti gün - küləyin güclənməsi zamanı atmosfer təzyiqi kəskin artır. İnsanın orqanizmi həmin bu atmosfer təzyiqinin tərəddüdünə bir qədər ləng uyğunlaşdığı üçün belə hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti